"Gürcü Arzusu" - Hakimiyyət milli maraqların diktəsi ilə hərəkət edir və bu maraqlar bahasına heç vaxt kompromisə yol verməyəcək, vətəni, kilsəni və milli dəyərləri qətiyyətlə müdafiə edəcək
Gürcüstan bu gün heç vaxt olmadığı qədər müstəqil və suverendir. Heç kim hakimiyyətə diktə edib onu ölkəmizin maraqlarına qarşı yönələcək addımlar atmağa məcbur edə bilməz – bu barədə “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunduğu kimi, “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanın milli maraqlarının diktəsi ilə hərəkət edir və bu maraqlar bahasına heç vaxt kompromisə yol verməyəcək, vətəni, kilsəni və milli dəyərləri gələcəkdə də qətiyyətlə müdafiə edəcək.
“2012-ci ildən dövlətin sosial siyasətə yanaşması əsaslı şəkildə dəyişdi. Ümumi səhiyyə proqramı tətbiq olundu, sosial cəhətdən həssas əhali üçün sosial yardım paketləri əhəmiyyətli dərəcədə genişləndi və sosial yardımların siyasi maraqlar əsasında paylanması təcrübəsinin qarşısı alındı.
Gürcüstan Avrointeqrasiya yolunda bütün nəzərəçarpacaq irəliləyişə məhz “Gürcü Arzusu” hakimiyyəti şəraitində nail oldu. Məhz 2012-ci ildən sonra ölkə Assosiasiya Müqaviləsinə və Azad Ticarət Sazişinə imza atdı və vizasız gediş-gəliş rejimi əldə etdi. Namizəd statusunu da mübarizə ilə qazanmışıq, bunu Gürcüstanın yaxşılığını istəməyənlər və onların diktəsi ilə hərəkət edən avropalı bürokratiya Gürcüstana qarşı şantaj aləti olaraq görürdülər.
Avropalı bürokratiyanın bu gün də Gürcüstanı şantaj etmək və hakimiyyətə qeyri-demokratik qüvvələri qaytarmağa cəhd etməklə məşğul olmasına baxmayaraq, cəmiyyətə söz veririk ki, siyasi komandamız bütün çağırışların öhdəsindən layiqincə gələcək və Gürcüstan 2030-cu il üçün elan edilmiş Avropa İttifaqının genişlənməsini bütün namizəd ölkələrdən daha yaxşı hazırlanmış şəkildə qarşılayacaq. Ümid edirik ki, həmin vaxt üçün Brüsselin bugünkü bürokratiyası da ləyaqətli, müstəqil, Avropa İttifaqının və Avropanın gələcəyinə fokuslanmış siyasi elita ilə əvəz olunacaq.
Gürcüstan bu gün heç vaxt olmadığı qədər müstəqil və suverendir. Heç kim hakimiyyətə diktə edib onu ölkəmizin maraqlarına qarşı yönələcək addımlar atmağa məcbur edə bilməz. “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanın milli maraqlarının diktəsi ilə hərəkət edir və bu maraqlar bahasına heç vaxt kompromisə yol verməyəcək, vətəni, kilsəni və milli dəyərləri gələcəkdə də qətiyyətlə müdafiə edəcək” – bəyanatda qeyd olunub.