“Gürcü Arzusu” – Bidzina İvanişviliyə sanksiya tətbiq edilməsi halında, görünəcək ki, "Dərin dövlət" Böyük Britaniyanı Avropa Parlamenti, Estoniya, Ukrayna və Litva səviyyəsinə endirib, bu faciəvi hadisə kimi qiymətləndirilməlidir
Böyük Britaniya tərəfindən Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi halında, açıq şəkildə görünəcək ki, “Dərin dövlət” Böyük Britaniyanı Ukrayna, Litva, Estoniya və Avropa Parlamenti səviyyəsinə endirib, bu dövlətin tarixi keçmişini nəzərə alsaq, müstəsna dərəcədə faciəvi hadisə kimi qiymətləndirilməlidir – bu haqda “Gürcü Arzusu”nun Siyasi Şurasının bəyanatında deyilir.
Bəyanata əsasən, Gürcüstanı avtoritar idarəçilikdən azad edən və ölkəyə demokratik keçid gətirən Gürcüstanın hakim partiyasının liderini sanksiyalarla hədələyirlər.
“Məlum olduğu kimi, Böyük Britaniyanın İcmalar Palatasında on dörd deputat Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsdən əvvəl Böyük Britaniya tərəfindən Vaxtanq Qomelauri və Gürcüstanın Daxili İşlər Nazirliyinin digər yüksək rütbəli məmurlarına sanksiya tətbiq edilmişdi. Gürcü cəmiyyəti yaxşı bilir ki, Böyük Britaniya tarixən həmişə güclü, suveren və mütərəqqi dövlət kimi seçilib, onun daxilində qanunun aliliyi ideyası və fundamental insan hüquqları inkişaf edib. Məhz İngiltərədə əsas prosessual hüquqlar və konkret olaraq, ədalətli məhkəmə hüququ yaranmışdır, buna əsasən, şəxsə qarşı sanksiya tətbiq edilməzdən əvvəl o müvafiq şəkildə dinlənilməli və sanksiya tutarlı sübutlarla təsdiqlənməlidir. Təəccüblüdür ki, İngiltərədə hələ 13-17-ci əsrlərdə başa düşülən prinsiplər 21-ci əsrdə B.Britaniya hökuməti tərəfindən tamamilə unudulmuş və tapdalanmışdır. Avropa Parlamentinin Bidzina İvanişvilinin cəzalandırılmasını və cinayətkarların azadlığa buraxılmasını tələb etdiyi beş ədalətsiz və biabırçı, anti-Gürcüstan qətnaməsini hamımız xatırlayırıq. Biz hamımız Ukraynanın gürcü siyasətçilərinə, dövlət qulluqçularına və onların ailə üzvlərinə qarşı heç bir fakt və dəlillə təsdiq olunmayan ədalətsiz və biabırçı sanksiyalarını xatırlayırıq. Litva və Estoniyanın gürcü siyasətçilərinə və yüksək rütbəli məmurlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı anti-Gürcüstan qərarını hamımız xatırlayırıq, bu da heç bir fakta və sübuta əsaslanmamışdı.
Böyük Britaniya kimi bir ölkənin eyni qlobal müharibə partiyası, “Dərin dövlət” tərəfindən Ukrayna, Litva, Estoniya və Avropa Parlamenti kimi bu gün növbəti oyuncağa çevrilməsi son dərəcə narahatlıq doğurur. Bu gün heç bir əsas olmadan Gürcüstanı avtoritar idarəçilikdən azad edən, ölkəyə demokratik keçid gətirən, Gürcüstanda insanların qətl və işgəncə praktikasına, biznes reketliyinə, medianın qəsb edilməsinə və seçkilərin saxtalaşdırılmasının sistemli praktikasına son qoyan, ölkədə 12 il fasiləsiz sülhü qoruyub saxlayan və iqtisadiyyatı üçqat artıran Gürcüstanın hakim partiyasının liderini sanksiyalarla hədələyirlər. Böyük Britaniya tərəfindən Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi halında, açıq şəkildə görünəcək ki, “Dərin dövlət” Böyük Britaniyanı Ukrayna, Litva, Estoniya və Avropa Parlamenti səviyyəsinə endirib, bu dövlətin tarixi keçmişini nəzərə alsaq, müstəsna dərəcədə faciəvi hadisə kimi qiymətləndirilməlidir. Sanksiyalar tətbiq olunarsa, Böyük Britaniyanın qanunun aliliyinə və fundamental insan hüquqlarına əsaslanan bir dövlət kimi nüfuzu nəhayət keçmişdə qalacaq. Lakin, “Dərin dövlət” və ya qlobal müharibə partiyasının bir çox dövlətləri fiziki məhvə məhkum etməsi fonunda, Böyük Britaniyanın dövlətçilik-mənəvi məhvi və tənəzzülü daha az faciəvi hadisədir” – “Gürcü Arzusu”nun Siyasi Şurasının bəyanatında deyilir.