Güclü daşqın nəticəsində Avstraliyanın bir neçə şəhərinin ətraf aləmlə əlaqəsi kəsilib
Avstraliyanın cənub-şərq hissəsində güclü yağış daşqına səbəb olub və bir neçə şəhərin ətraf aləmlə əlaqəsini kəsib. Bu barədə məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, əhalinin bir hissəsi bu vaxtadək evlərinin damında qalır. Hakimiyyət təcili təxliyə əmri verib.
Ən çox zərəri Yeni Cənubi Uels ştatının Hanter və Mid Nort Kost bölgələrindəki yaşayış məntəqələri görüb. Bəzi ərazilərə son 24 saat ərzində dörd aylıq yağıntı düşüb. Çaylar məcrasından çıxıb.
Avstraliyanın Meteorologiya Xidməti bəzi bölgələrə növbəti 24 saat ərzində 300 mm-ə qədər yağıntının düşə biləcəyi haqda məlumat verir, bu isə may ayının orta ümumi miqdarından üç dəfə çoxdur.
Yeni Cənubi Uels ştatının fövqəladə hallar üzrə komissarı Mayk Vasinq, fövqəladə hallar xidmətinin əməkdaşlarının evlərini tərk edə bilməyən həssas insanları xilas etməyə üstünlük verdiyini bildirib.
“Hazırda biz real olaraq damda olan və çıxa bilməyən insanlara fokuslanmışıq” – Vasinq bildirib.