Quduzluğa yoluxma halının qeydə alınmasına görə, Tsalkada karantin elan edilib
Quduzluğa yoluxma halının qeydə alınmasına görə, Tsalkada karantin elan edilib

 

Dövlət Kənd Təsərrüfatı Laboratoriyası Tsalka Munisipalitetində vəhşi heyvanın – tülkünün patoloji materialında quduzluğa yoluxma halını təsdiqləyib. Bu haqda məlumatı Milli Qida Agentliyi yayır.

Qurumun məlumatına əsasən, yoluxma qeydə alınan məntəqədə və təhlükə daşıyan ərazidə karantin elan edilib.

“Cari ilin aprelin 6-da Dövlət Kənd Təsərrüfatı Laboratoriyası Tsalka Munisipalitetində (ünvan: Tsalka şəhəri, Tamar Mepe küçəsi 132 ünvanının ərazisi) vəhşi heyvanın (tülkü) patoloji materialında quduzluğa yoluxma halını təsdiqləyib.

Milli Qida Agentliyinin Kvemo Kartli Departamentinin müfəttişinin araşdırması ilə quduzluğa yoluxmuş tülkünün dörd sahibsiz it tərəfindən parçalandığı müəyyən edilib.

Xəstəliyin yayılmasının lokallaşdırılması və aradan qaldırılması məqsədilə, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin əmri ilə yoluxma qeydə alınan məntəqədə və təhlükə daşıyan ərazidə karantin elan edilib və karantin tədbirləri – infeksiya ocağının dezinfeksiyası, xəstəliyə həssas heyvanların peyvəndlənməsi, heyvanların hərəkətinə nəzarət, quduzluğa yoluxma şübhəsi olan heyvanların təcrid olunması və sığınacağa aparılması başladılıb.

Cari ildə, bütün ölkə miqyasında quduzluğa laborator şəkildə 3 yoluxma halı təsdiqlənib.

Milli Qida Agentliyi hər il quduzluğa qarşı pulsuz peyvəndləmə aparır və 300 minə qədər ev heyvanını (it/pişik) peyvənd edir.

Agentlik əhalini quduzluğun və təhlükənin qarşısını almaq məqsədilə, ev heyvanlarını (it, pişik) quduzluğa qarşı peyvənd etməyə çağırır; Quduzluğa nəzarət üzrə beynəlxalq təcrübə və tədqiqatlar yekdilliklə təsdiqləyir ki, sahibsiz və sahibi olan itlərin populyasiyasına nəzarət və onların peyvəndlənməsi xəstəliyin yayılmasının azalmasında və tamamilə aradan qaldırılmasında mühüm rol oynayır” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.