Gomi–Saçxere–Çiatura–Zestafoni avtomobil yolunun 17 kilometrlik hissəsində əsaslı təmir-bərpa işləri aparılır

11:45, 29.07.2026

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Saçxere bələdiyyəsi ərazisində Gomi–Saçxere–Çiatura–Zestafoni dövlət əhəmiyyətli avtomobil yolunun 25–41-ci kilometrlik hissəsində reabilitasiya işləri davam edir. Layihə çərçivəsində ümumilikdə 17 kilometrlik yol sahəsi əsaslı təmir olunur.

Gomi–Saçxere–Çiatura–Zestafoni avtomobil yolu üç bələdiyyəni bir-biri ilə, eləcə də yolboyu yerləşən kəndləri rayon mərkəzi ilə ən qısa marşrut üzrə əlaqələndirir.

Məlumata görə, Saçxere bələdiyyəsindən keçən hissədə yol örtüyü ciddi şəkildə zədələndiyindən nəqliyyatın hərəkəti çətinləşmişdi. Yeni layihənin icrası nəticəsində bu hissədə təhlükəsiz və rahat hərəkət tam təmin ediləcək.

Layihə çərçivəsində yolun hərəkət hissəsi, yerli yollarla birləşmələr və yaşayış evlərinin həyətlərinə girişlər tam yenilənəcək. Həmçinin yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni yol nişanları, qoruyucu dirəklər quraşdırılacaq və üfüqi yol nişanlanması aparılacaq.

Layihənin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Dəyəri 26,2 milyon lariyə yaxın olan işlərin cari il ərzində başa çatdırılması planlaşdırılır.

Oxşar