Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz Gürcüstanda təhsilini davam etdirmək istəyən tələbələr üçün imtahan keçirib
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin təşkilatçılığı ilə xarici ölkə universitetlərindən Gürcüstanda təhsilini davam etdirmək istəyən tələbələr üçün imtahan keçirilib.
Mərkəzin məlumatına görə, test imtahanı mərkəz tərəfindən tətbiq olunan, beynəlxalq standartlara uyğun obyektiv və şəffaf sistem çərçivəsində təşkil edilib və qeydiyyatdan keçmiş tələbələrin 99 faizi imtahanda iştirak edib.
Elektron test imtahanının gedişi ilə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Tamar Memanişvili müavinləri ilə birlikdə tanış olub.
İmtahanın nəticələri mərkəzin rəsmi internet saytında on iş günü ərzində dərc olunacaq. Tələbələr nəticələri xüsusi kod vasitəsilə görə biləcəklər.
İmtahanın məqsədi xaricdə azı bir semestr təhsil almış və Gürcüstanın ali təhsil müəssisələrində oxumağı davam etdirmək istəyən Gürcüstan vətəndaşlarının akademik səriştəsini qiymətləndirməkdir.
Test imtahanının strukturu oxuduğunu anlama, məntiqi və kəmiyyət üzrə düşünmə komponentlərini əhatə edir. İmtahandan uğurla keçmək üçün maksimal balın yarıdan çoxunu — minimum 23 bal toplamaq tələb olunur.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2019-cu ildən etibarən xarici ölkə universitetlərindən Gürcüstanda təhsilini davam etdirmək istəyən tələbələr üçün test imtahanlarını ildə bir neçə dəfə keçirir.