Givi Mikanadze: Yeni tədris ilindən etibarən aqrar ixtisaslar üzrə bakalavr və magistr təhsil proqramları tam şəkildə Suxumi Dövlət Universitetinə keçiriləcək

15:58, 05.08.2026

Givi Mikanadze: Aqrar ixtisaslar üzrə bakalavr və magistr proqramları tam şəkildə Suxumi Dövlət Universitetinə keçirilir
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib ki, yeni tədris ilindən etibarən aqrar istiqamət üzrə bakalavr və magistr təhsil proqramları tam şəkildə Suxumi Dövlət Universitetinə keçiriləcək.
Nazirin sözlərinə görə, bu ildən etibarən aqrar ixtisaslar üzrə birinci kurs tələbələrini Gürcüstan Texniki Universiteti deyil, Suxumi Dövlət Universiteti qəbul edəcək.
Mikanadze qeyd edib ki, hazırda Gürcüstan Texniki Universitetində aqrar ixtisaslar üzrə təhsil alan tələbələr isə təhsillərini həmin universitetdə başa vuracaqlar.
Nazir bildirib ki, bu dəyişikliklərin həyata keçirilməsi üçün Suxumi Dövlət Universitetinin aqrar təhsil proqramlarının Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzdə akkreditasiyadan keçməsi tələb olunurdu və bu proses artıq başa çatıb.
O, həmçinin ictimaiyyətə məlumat verib ki, iki regional ali təhsil müəssisəsi – Şota Mesxia adına Zuqdidi Dövlət Universiteti və Samtsxe-Cavaxeti Dövlət Universiteti turizm istiqaməti üzrə təhsil proqramlarını həyata keçirmək üçün akkreditasiya alıblar.
Nazirin sözlərinə görə, ali təhsil islahatı çərçivəsində regional universitetlər üçün prioritet istiqamətlər kimi pedaqoji, turizm və aqrar təhsil proqramları müəyyənləşdirilib. Yeni ixtisaslar əlavə olunan universitetlərdə qəbul kvotaları da artırılıb.

Oxşar