Givi Mikanadze UNESCO-nun Baş direktoru ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib

11:28, 10.07.2026

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Parisdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş direktoru Xaled əl-Ənani ilə işgüzar görüş keçirib.

Tərəflər Gürcüstan ilə UNESCO arasında uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini müzakirə edib, əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Nazir UNESCO-nun Baş direktoruna Gürcüstanın təhsil sistemində həyata keçirilən və planlaşdırılan islahatlar barədə məlumat verib.

Görüşdə Gürcüstanın dövlət universitetlərində tam maliyyələşdirilən təhsil imkanları, təhsilin bütün pillələrində keyfiyyətin artırılması və peşə təhsilinin inkişafının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.

Xaled əl-Ənani Gürcüstanın təhsil sistemində aparılan islahatları müsbət qiymətləndirib və bildirib ki, UNESCO gələcəkdə də ölkədə təhsil, elm və mədəniyyət sahələrinin inkişafına fəal dəstəyini davam etdirəcək.

Görüşün sonunda tərəflər birgə layihə və təşəbbüslərin həyata keçirilməsi məqsədilə intensiv əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

İkitərəfli görüşdə Gürcüstanın Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi İrakli Kuruaşvili də iştirak edib.

Məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.

Oxşar