Givi Mikanadze Türkiyə səfirini qəbul edib
Givi Mikanadze Türkiyə səfirini qəbul edib

Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze Gürcüstanda Türkiyə Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arısı ilə tanışlıq xarakterli görüş keçirib.

Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, nazir səfirə yeni vəzifəsində uğurlar arzulayıb və Gürcüstanla Türkiyə arasında uzun illərə dayanan məhsuldar əməkdaşlığın mövcud olduğunu qeyd edib. Givi Mikanadzenin sözlərinə görə, iki ölkənin səyləri nəticəsində təhsil, elm və gənclər sahələrində bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Mikanadze Mustafa Türker Arısı Gürcüstanın təhsil sistemində aparılan genişmiqyaslı islahatların əsas istiqamətləri barədə məlumatlandırıb və xüsusilə ali təhsil islahatlarına diqqət çəkib.

Tanışlıq görüşündə tərəflər iki ölkə arasında mövcud uğurlu əməkdaşlığı müzakirə edib və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət gənclər üçün birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub. Qeyd olunub ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi arasında imzalanmış memorandum gənclər arasında əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə verəcək.

Görüşün sonunda səfir qonaqpərvərliyə görə Givi Mikanadzeyə təşəkkür edib və iki ölkə arasında konstruktiv tərəfdaşlığın gücləndirilməsinə hazır olduğunu bildirib.