Qivi Mikanadze – İbtidai siniflərdə forma məcburidir, valideyn uşağa forma geyindirməzsə, tətbiq edilə biləcək konkret mexanizmlər olacaq
İbtidai siniflərin şagirdləri üçün forma geyinmək məcburidir və bu, bütün ictimai məktəblər üçün ümumi qayda olacaq. Valideyn etiraz edib uşağa forma geyindirməzsə, məktəbin daxili intizam qaydalarının pozulması halında tətbiq edilə biləcək həm tərbiyəvi, həm də konkret mexanizmlər müəyyən ediləcək – bu barədə təhsil naziri Qivi Mikanadze bildirib.
“Biz həmişə cəmiyyətin rəyini nəzərə alırıq. Bu məqsədlə, dörd ay əvvəl “Nazirin valideynlərlə görüşü” layihəsinə başladım, 26 bələdiyyədə oldum və ümumilikdə 10 mindən çox valideynlə görüşdüm. Bu görüşlərdə bir valideyn belə formanın tətbiq edilməsinin pis olduğunu demədi. Əksinə, bu vəziyyəti təqdir edirlər. Buna baxmayaraq, cəmiyyətdə çox kiçik kontingent var ki, mənim üçün tamamilə anlaşılmaz olan səbəbdən uşağa forma geyindirməyəcəklərini deyirlər. Düşünürəm ki, bu, məqsədyönlü kampaniya xarakteri daşıya bilər. Məktəb formalarından danışarkən valideyn: “Mən geyindirməyəcəm və görüm uşağı məktəbə necə buraxmırlar” deyirsə – buradakı mühüm faktor nədir? İlk növbədə o ki, valideyn açıq-aşkar uşaqla manipulyasiya edir. Xatırladıram ki, ibtidai siniflərdən söz gedir və uşaq hələ söhbətin nədən getdiyini tam dərk etmir və əlbəttə ki, valideynin nüfuzu burada rol oynayır. Buradaca, valideynlərə xatırladıram ki, uşağı məktəbə qoyarkən onlar məktəb çərçivəsində müəyyən edilmiş daxili intizam qaydalarını imzalayır və qəbul edirlər. Daxili intizam qaydaları ilə, əlbəttə, forma geyinməyin məcburi olduğu müəyyən edilir. Buraya qədər də bu qayda könüllü xarakter daşıyırdı, lakin yeni tədris ilindən ibtidai siniflərin şagirdləri üçün forma geyinmək məcburidir və bu, bütün ictimai məktəblər üçün ümumi qayda olacaq. Valideyn etiraz edib uşağa forma geyindirməzsə, məktəbin daxili intizam qaydalarının pozulması halında tətbiq edilə biləcək həm tərbiyəvi, həm də konkret mexanizmlər müəyyən ediləcək” – Mikanadze bildirib.
Onun sözlərinə əsasən, hər bir valideyn ilk növbədə öz övladı, daha sonra isə bütün cəmiyyət qarşısında olan müəyyən məsuliyyəti dərk etməlidir.
“Cari islahat çərçivəsində atılan hər bir addım uşağın ən yaxşı mənafelərinin qorunmasına yönəlib. Biz gələcək nəsillərin inkişafına maksimum dərəcədə fokuslanmaq üçün hər şeyi edirik” – Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze bildirib.