Qivi Mikanadze - Hökumətin qərarı ilə 2025-cı ildə gürcü təhsil sisteminin tarixində ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək
Qivi Mikanadze - Hökumətin qərarı ilə 2025-cı ildə gürcü təhsil sisteminin tarixində ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək

 

Gürcüstan hökumətinin qərarı ilə 2025-cı ildə gürcü təhsil sisteminin tarixində ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək. İmtahana qeydiyyat noyabrın 24-də başlayacaq və dekabrın 1-də başa çatacaq – bu haqda təhsil, elm və gənclik naziri Qivi Mikanadze nazirlikdə keçirilən brifinqdə deyib.

Qivi Mikanadze bildirib ki, dünya ölkələrinin böyük hissəsi dövlət dili imtahanları keçirir və imtahanın nəticələrinə əsasən imtahan verən şəxsə dil biliyinə dair müvafiq və həmin konkret ölkə tərəfindən tanınan sertifikat verilir. Bu, xüsusilə əcnəbi tələbələr, dövlət qulluğunda işləmək hüququ olan əcnəbi vətəndaşlar, xaricdə yaşayan gürcülər və biznes sektorunda işlə təmin olunmuş qeyri-gürcü dilli kadrlar üçün vacibdir.

“Dövlət dili imtahanı, gürcü dilinin dövlət dili kimi statusunun gücləndirilməsi və dilin fəaliyyət sahəsinin genişləndirilməsi üçün vacibdir. Məhz bu məqsədlə, Dövlət Dili Strategiyasının 2023–2024-cü illər üzrə fəaliyyət planına uyğun olaraq, Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi beynəlxalq standartlara tam uyğun imtahan hazırladı. Bundan belə dövlət dili imtahanı il ərzində bir neçə dəfə keçiriləcək və dörd kompetensiyanın yoxlanılmasına imkan verəcək. Bu dinləmə, oxu, yazı və danışığı əhatə edir. Bu mərhələdə fərqli çətinlik dərəcəsinə malik iki test keçiriləcək: birinci test gürcü dili biliyinin A1 və A2 səviyyələrini, ikinci – B1 və B2 səviyyələrini müəyyən edəcək. Səviyyələrin fərqləndirilməsi aplikantın topladığı bal əsasında həyata keçiriləcək.

2030-cu ildən A1, A2, B1 və B2 səviyyələri ilə birlikdə, C1 və C2 səviyyələrini müəyyən edən imtahanlar keçirməyi planlaşdırırıq və bu istiqamətdə də iş fəal şəkildə aparılır” – nazir qeyd edib.

Qivi Mikanadzenin bəyanatına əsasən, gürcü dili imtahanına qeydiyyat yalnız Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin online.naec.ge qeydiyyat səhifəsində elektron şəkildə mümkün olacaq.

Görmə qabiliyyəti zəifləmiş və görmə əngəlli imtahan verəcək şəxslər üçün Brayl sistemi və ya xüsusi elektron proqram nəzərdə tutulub.

Dövlət Dili Departamenti dövlət dili imtahanının nəticələrini nəzərə almaqla, dövlət dili üzrə bilik səviyyəsini təsdiq edən sənədi verəcək.

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi tərəfindən imtahan testi üzərində iş bir neçə mərhələdə aparılırdı – əvvəlcə bütün Gürcüstan miqyasında ayrı-ayrı kompetensiyaların yoxlanılması üçün tapşırıqlar sınaqdan keçirildi, sonra əldə olunan nəticələrin psixometrik təhlili və ekspert qiymətləndirilməsi nəzərə alınmaqla, test tapşırıqları bankı yaradıldı və imtahan testinin formatı hazırlandı.