Givi Mikanadze ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun rəhbəri ilə tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib
Givi Mikanadze ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun rəhbəri ilə tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze Vaşinqtonda ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun rəhbəri Darren Bit ilə görüş keçirib.

Tərəflər təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və birgə proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Givi Mikanadze Darren Bitə təhsil sistemində aparılan islahatlar və bu çərçivədə planlaşdırılan təşəbbüslər barədə məlumat verib.

Görüşdə Fulbright proqramı və onun genişləndirilməsinə dəstək məsələsinə də toxunulub. Qeyd olunub ki, bu proqram gürcü tələbələr üçün yüksək keyfiyyətli təhsil almaq və əldə etdikləri bilikləri ölkənin inkişafına yönəltmək baxımından mühüm imkan yaradır.

Gürcü və Amerika universitetləri arasında əməkdaşlıq və birgə ikili diplom proqramlarının əhəmiyyəti vurğulanıb. Nazirə görə, bu təşəbbüslər Gürcüstanda insan kapitalının və işçi qüvvəsinin inkişafı baxımından xüsusi önəm daşıyır.

Görüşün sonunda tərəflər tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını ifadə ediblər. Görüşdə ABŞ-də Gürcüstanın səfiri Tamar Taliashvili də iştirak edib.

Məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.