Qivi Mikanadze 12-ci sinif şagirdlərini son zəng münasibətilə təbrik edir - Məktəbi bitirmək uğurlarınızın yalnız başlanğıcıdır, vətənimizin belə layiqli gəncliyə sahib olması ilə fəxr edirəm
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze 12-ci sinif şagirdlərini məzun olmaları münasibətilə təbrik edir.
“Bu gün məktəblərdə buraxılış sinif şagirdləri üçün son zəng çalınacaq. Mənim əzizlərim, bu gün sizin üçün böyük bir macəra başa çatır, lakin qarşıda sizi həyatın yeni, çox maraqlı bir mərhələsi gözləyir.
Doğma məktəblə vidalaşmaq kədərlidir, lakin müstəqil həyata doğru ilk addımları atmaq bir o qədər də sevindiricidir. Bu, sizin uğurlarınızın yalnız başlanğıcıdır.
Əminəm ki, müəllimləriniz, valideynləriniz, dostlarınız və yaxınlarınız sizinlə fəxr edirlər. Mən də onların sırasındayam və vətənimizin belə layiqli, həqiqətən də seçilən gəncliyə sahib olması ilə çox fəxr edirəm.
Məktəb, ölkənin gələcəyinin qurulduğu yerdir. Həyat yolunuzda müəllimlərinizin nəsihətlərini, ilk dostlarınızı, sinif yoldaşlarınızla birlikdə keçirdiyiniz anları hər zaman xatırlayacaqsınız – bu kiçik dünya sizin üçün hər zaman ən gözəl xatirə olaraq qalacaq.
İnanıram ki, məktəbdə aldığınız təhsilə həyat yolunuzda daha böyük vüsət verəcəksiniz. Bizim borcumuz, bacarıqlarınızı maksimum dərəcədə ortaya qoya və özünüzü reallaşdıra biləcəyiniz mühit yaratmaqdır.
Unutmayın ki, bilik ölkənin və cəmiyyətin rifahına xidmət etdikdə dəyərlidir. Qarşınıza böyük hədəflər qoyun, çətinliklərdən heç vaxt qorxmayın və öz imkanlarınıza inanın!” – Qivi Mikanadze qeyd edir.