Qida ilə təmas üçün nəzərdə tutulmuş bəzi plastik məmulatların satışı bu gündən etibarən qadağan edilib
Gürcüstan hökumətinin qərarına əsasən, 2026-cı il aprelin 1-dən etibarən plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, samanların (sorucu boruların), içki qarışdırıcılarının, həmçinin genişləndirilmiş polistirol (EPS) materialından hazırlanmış qida konteynerlərinin və onların qapaqlarının, stəkanların və onların qapaqlarının satışı qadağan edilib. Qeyd olunan məhsulların idxalı və istehsalı isə artıq 2026-cı il yanvarın 1-dən qadağandır.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aprelin 1-dən plastik istifadəsinin məhdudlaşdırılması ilə bağlı daha bir tənzimləmə qüvvəyə minib. Belə ki, dövlət satınalmalarına tabe olan qurumlara plastik stəkanların, konteynerlərin və 3 litrə qədər həcmdə plastik butulkalarda qablaşdırılmış içkilərin alınması qadağan edilir. Bu məhdudiyyət müdafiə qüvvələrinin və hərbi qulluqçuların ehtiyacları üçün həyata keçirilən satınalmalara şamil olunmur.
Bu qaydaların icrasına nəzarəti səlahiyyətləri çərçivəsində Qida Milli Agentliyi, Ətraf Mühitin Nəzarəti Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidməti həyata keçirəcək.
Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, müəyyən edilmiş tələblərin pozulması 1 000 lari məbləğində cərimə və müvafiq məhsulun müsadirəsi ilə nəticələnəcək, təkrar pozuntu isə 2 000 lari cərimə və məhsulun müsadirəsini nəzərdə tutur.
Nazirliyin açıqlamasında qeyd olunur ki, bu tənzimləmə plastik məhsulların ixracına şamil edilmir. İxrac məqsədilə məhsul istehsal edən istehsalçılar istehsala başlamazdan ən azı bir ay əvvəl Ətraf Mühitin Nəzarəti Departamentinə istehsalın başlama və bitmə tarixləri, istehsal olunacaq məhsulun həcmi, ixrac ediləcək ölkələr və ixrac qrafiki barədə yazılı məlumat verməlidirlər.