“Georgian Water and Power” Rustaveli prospektində su təchizatı şəbəkələrinin bərpasının üçüncü mərhələsini başa çatdırır
“Georgian Water and Power” şirkəti Rustaveli prospektinin tam reabilitasiyası layihəsi çərçivəsində su təchizatı şəbəkələrinin yenilənməsinin üçüncü mərhələsini başa çatdırır və yeni şəbəkəyə qoşulma ilə bağlı genişmiqyaslı işlər aparır.
Şirkətin məlumatına görə, layihə ümumilikdə 12,5 milyon lari həcmində investisiyanı nəzərdə tutur. Layihə çərçivəsində su təchizatı infrastrukturu tamamilə yenilənəcək və uzunluğu 5 kilometrdən çox olan su və kanalizasiya şəbəkələri yeniləri ilə əvəz olunacaq.
Rustaveli prospektində su təchizatı şəbəkələrinin reabilitasiyasının üçüncü mərhələsi başa çatdıqdan sonra uzunluğu 3,6 kilometr olan su təchizatı və 1,3 kilometr olan kanalizasiya şəbəkələri istismara veriləcək. Bununla yanaşı, artıq 9 yanğın hidrantı, 71 ədəd bağlayıcı-tənzimləyici siyirtmə və qovşaq quyuları quraşdırılıb. Yeni şəbəkəyə qoşulma işləri bu gün, sentyabrın 9-da, gün ərzində intensiv rejimdə həyata keçiriləcək.
Rustaveli prospektində su təchizatı sisteminin genişmiqyaslı reabilitasiya layihəsi beynəlxalq “Aqualia” şirkətinin yüksək standartlarına uyğun həyata keçirilir. Bu isə yenilənmiş şəbəkələrin uzunmüddətli, dayanıqlı və səmərəli fəaliyyətini təmin edir. Layihə başa çatdıqdan sonra müasir standartlara uyğun infrastruktur istismara veriləcək ki, bu da su təchizatı və kanalizasiya sistemlərinin etibarlılığını əhəmiyyətli dərəcədə artıracaq.