Genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos Ukraynada iki günlük səfərdədir
Genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos Ukraynada iki günlük səfərdədir. Səfər çərçivəsində Marta Kos Ukraynanın Avropaya inteqrasiyası məsələsinin müzakirə olunacağı Lvovda Avropa İttifaqı nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Qeyri-rəsmi görüş sabaha planlaşdırılıb. Bundan əvvəl, Marta Kos Ukraynanın energetika nazirinin müavini Olqa Yuximçukla birlikdə dəfələrlə Rusiyanın zərbələrinin hədəfinə çevrilmiş istilik elektrik stansiyalarından birini ziyarət edib.
Avropa Komissiyasının məlumatına əsasən, hazırda qeyd olunan istilik elektrik stansiyası Ukraynanın Energetika Dəstək Fondunun köməyi ilə bərpa olunur. Marta Kos Ukraynanın Avropa və Avroatlantik İnteqrasiyası məsələləri üzrə vitse-baş naziri Taras Kaçka və Ali Radanın vitse-spikeri Aleksandr Kornienko ilə birlikdə Ukraynanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməyi planlaşdırır.
Həmçinin, Avropa komissarı Kaçka ilə ayrıca görüş keçirəcək və onunla Ukraynanın Avropa İttifaqına daxil olması üçün zəruri olan islahatları müzakirə edəcək. Dekabrın 11-də Marta Kos həlak olan ukraynalı hərbçilərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edəcək və mətbuata açıqlama verəcək.