Gənələrdən necə qorunmalı? – Səhiyyə Nazirliyi mütəxəssislərin tövsiyələrini yayıb
Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi əhalinin gənələrdən qorunması ilə bağlı mütəxəssislərin tövsiyələrini yayıb.
Nazirliyin məlumatına görə, isti mövsümün başlaması ilə Gürcüstanda gənələrin aktivliyi və onların daşıdığı infeksiyalara yoluxma riski xeyli artır. İnfeksiyaların qarşısını almaq üçün vətəndaşlara qoruyucu tədbirlərə ciddi əməl etmək tövsiyə olunur.
Mütəxəssislər gənə və digər həşəratlardan qorunmaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə etməyi və geyimləri müvafiq şəkildə emal etməyi məsləhət görürlər. İki aya qədər olan körpələrdə isə həşərat əleyhinə vasitələrin istifadəsi tövsiyə edilmir.
Həmçinin vətəndaşlara meşəlik və hündür ot örtüyü olan ərazilərdə hərəkətdən çəkinmək tövsiyə olunur. Təbiətdə olduqdan sonra geyim və şəxsi əşyalar diqqətlə yoxlanılmalı, evə qayıtdıqdan dərhal sonra isə duş qəbul edilməlidir. Mütəxəssislərin sözlərinə görə, bu, gənənin bədəndə vaxtında aşkarlanmasına kömək edir.
Bədəndə gənə aşkar edildikdə, o, mümkün qədər tez, nazik uclu pinset vasitəsilə çıxarılmalıdır. Pinset gənənin ağız hissəsinin dəriyə yapışdığı yerdən tutulmalı və ehtiyatla çıxarılmalıdır.
Gənə çıxarıldıqdan sonra dişlənmiş nahiyə və əllər mütləq dezinfeksiya edilməlidir.
Səhiyyə Nazirliyi bildirir ki, yüksək hərarət, baş ağrısı, dişlənən nahiyədə qaşınma və ya digər narahatedici əlamətlər müşahidə olunduğu halda, vətəndaşlar vaxt itirmədən infeksionist həkimə müraciət etməlidirlər.