Gəlirlər Xidməti – Bütün Gömrük Nəzarət Məntəqələrində Gömrük Nəzarəti Fasiləsiz Aparılır
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bu gün müxtəlif media vasitələri ilə yayılan və ölkənin sərhədlərində gömrük nəzarəti prosedurlarına dair məlumatlara münasibət bildirib.
Gəlirlər Xidmətinin bəyanatında deyilir ki, Gürcüstanın gömrük ərazisinə malların gətirilməsi/çıxarılması, eləcə də bütün gömrük-keçid məntəqələrindən dövlət sərhədini keçən fiziki şəxslərlə bağlı gömrük nəzarəti prosedurları fasiləsiz şəkildə həyata keçirilir.
Gəlirlər Xidməti hər kəsi “ölkədə yüklərə nəzarətlə bağlı əsassız və dövlətə zərər verə biləcək məlumatların yayılmasından çəkinməyə” çağırır.
“Tam məsuliyyətlə bəyan edirik ki, Gürcüstanın gömrük ərazisinə malların gətirilməsi və çıxarılması, eləcə də bütün gömrük-keçid məntəqələrindən dövlət sərhədini keçən fiziki şəxslərlə bağlı gömrük nəzarəti prosedurları fasiləsiz şəkildə həyata keçirilir.
Bundan əlavə, gömrük nəzarəti prosedurlarının 24 saatlıq rejimdə həyata keçirilməsi məqsədilə Gürcüstan ərazisindəki keçid məntəqələrində gömrük əməkdaşlarının sayı artırılıb.
Artan beynəlxalq yükdaşımaların fasiləsizliyini təmin etmək məqsədilə gömrük-keçid məntəqələrinin birgə idarəçiliyi çərçivəsində Gəlirlər Xidməti Türkiyə, Azərbaycan və Ermənistan Respublikasının müvafiq gömrük orqanları ilə intensiv əlaqə saxlayır.
Eyni zamanda bildiririk ki, sərhəddə mümkün təhlükələrin qarşısını almaq məqsədilə Gəlirlər Xidmətinin Gömrük Departamenti müasir yoxlama sistemləri ilə təchiz olunub.
Gömrük-keçid məntəqələri müxtəlif təyinatlı stasionar rentgen skanerləri ilə təchiz edilib ki, bu da gömrük nəzarətinin daha sürətli həyata keçirilməsini təmin edir, təhlükəsizliyi artırır və gömrük yoxlaması prosedurlarının müddətini azaldır.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bir daha hər kəsi ölkədə yüklərin nəzarəti ilə bağlı əsassız və dövlətə zərər vura biləcək məlumatların yayılmasından çəkinməyə çağırır”, – deyə Gəlirlər Xidmətinin bəyanatında qeyd olunur.