Fridrix Mertsin partiyasında İran və ABŞ arasında bağlanmış sülh razılaşmasının İran xalqı üçün fəlakət olduğunu bəyan edirlər

12:41, 16.06.2026

 

Almaniyanın kansleri Fridrix Mertsin “Xristian-Demokrat İttifaqı” (CDU) partiyasının xarici siyasət üzrə eksperti Roderix Kizeveter İran ilə Amerika Birləşmiş Ştatları arasında bağlanmış sülh razılaşmasını tənqid edir və bunu fəlakət adlandırır.

O, razılaşmanın Kremlin lideri Vladimer Putinin Ukraynaya qarşı müharibəsini dolayı yolla dəstəklədiyini və “İrana nüvə bombası yaratmaq üçün kifayət qədər imkanlar verdiyini” deyir.

“Bu, İran xalqı üçün fəlakətdir” – Kizeveter bildirib.

Bununla yanaşı, Kizeveter ABŞ Prezidenti Donald Trampı da tənqid edərək, Ağ Ev liderinin yalnız qısamüddətli nəticələrə fokuslandığını deyib.

“Zalım rejim hədə-qorxu gələn kimi Tramp güzəştə gedir və sürətli PR qələbəsi naminə uzunmüddətli təhlükəsizlik maraqlarını qurban verir” – o, qeyd edib.

Məlumat üçün bildirək ki, iyunun 15-də ABŞ Prezidenti Donald Tramp İranla sülh razılaşmasının artıq əldə olunduğunu və Hörmüz boğazının dəniz daşımaları üçün qismən açıldığını təsdiqləyib.

Məlum olduğu kimi, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Tehranın nüvə fəaliyyətindən tutmuş Hörmüz boğazının blokadadan çıxarılması və ABŞ-nin İran neftinə qarşı sanksiyalarının ləğv edilməsinə qədər məsələlərin geniş spektrini əhatə edir. Razılaşmanın rəsmi imzalama mərasimi iyunun 19-da İsveçrədə keçirilməlidir.

Oxşar