Fridrix Mertsin mətbuat katibi - Almaniyanın kansleri Zelenski ilə söhbəti zamanı Ukraynanın korrupsiyaya qarşı mübarizəni, islahatları enerjili şəkildə davam etdirəcəyinə dair gözləntini vurğulayıb
Almaniyanın kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Bu haqda məlumatı Fridrix Mertsin mətbuat katibi Stefan Kornelius yayır.
Merts Zelenski ilə Ukraynada baş vermiş korrupsiya işi haqda danışıb.
Fridrix Mertsin mətbuat katibinin məlumatına əsasən, Zelenski Almaniyanın kanslerinə istintaq barədə məlumat verib və Ukrayna xalqının, avropalı tərəfdaşların və beynəlxalq donorların etimadını bərpa etmək üçün “təcili tədbirlər” haqda danışıb.
“Öz növbəsində, Merts Ukraynanın korrupsiyaya qarşı mübarizəni, sonrakı islahatları, xüsusilə qanunun aliliyi sahəsində enerjili şəkildə davam etdirəcəyinə dair Almaniya hökumətinin gözləntisini vurğulayıb” – Kornelius bildirib.
Həmçinin, liderlər sülh razılaşmasına nail olmaq üçün Rusiyaya təzyiqi gücləndirməyin zəruriliyindən, eləcə də hava hücumundan müdafiə və enerji infrastrukturu baxımından yardım da daxil olmaqla Ukraynaya yardımın davam etdirilməsindən danışıblar.