Fridrix Merts - Ukraynaya dəstəyi azaltmayacağıq, Putin Avropa azadlığı və sülhü hesabına müharibədə qalib gəlmək şansının olmadığını dərk etməlidir
Fridrix Merts - Ukraynaya dəstəyi azaltmayacağıq, Putin Avropa azadlığı və sülhü hesabına müharibədə qalib gəlmək şansının olmadığını dərk etməlidir

 

Putin Avropa azadlığı və sülhü hesabına müharibədə qalib gəlmək şansının olmadığını dərk etməlidir – bu haqda Almaniyanın kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı deyib.

Merts bildirib ki, Almaniya Ukraynaya dəstək göstərməyə davam edəcək.

“Ukraynaya dəstəyimizi azaltmayacağıq. Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik. Məhz bu məqsədlə dondurulmuş rus aktivlərini əlçatan etmək istəyirik. Putin Avropa azadlığı və sülhü hesabına bu müharibədə qalib gəlmək şansının olmadığını dərk etməlidir. Məhz bu səbəbdən, Almaniya 2026-cı ilin federal büdcəsi çərçivəsində Ukraynaya dəstək göstərməyə davam edəcək. Son hadisələri nəzərə alaraq, bu məbləği daha üç milyard avro artırdıq, ümumilikdə 11,5 milyard avroya çatdırdıq” – Fridrix Merts bildirib.

Almaniyanın kansleri bildirib ki, Avropa bu müharibənin mümkün qədər tez bitməsini istəyir, lakin Ukrayna və Avropanın razılığı ilə sülh razılaşmasına nail olunmalıdır

“Bəli, biz bu müharibənin mümkün qədər tez bitməsini istəyirik, lakin Ukrayna və avropalıların razılığı olmadan böyük dövlətlər arasında danışıqlar nəticəsində nail olunmuş razılaşma Ukraynada əsl, davamlı sülhün əsası olmayacaq. Məhz bu səbəbdən Avropada birlik, Ukrayna ilə birlik və transatlantik ittifaqda birlik indi həlledici əhəmiyyətə malikdir” – Merts Bundestaqdakı çıxışında qeyd edib.

Fridrix Mertsin bəyanatına əsasən, Avropa piyada deyil, öz maraqları və dəyərləri olan suveren oyunçudur.

“Amerika Birləşmiş Ştatlarının münaqişənin həlli üçün səyini təqdir edirəm. Ötən cümə günü prezident Trampa telefon danışığımda eyni şeyi demişdim, lakin Ukrayna, Avropa və Amerika ilə müttəfiqliyimiz üçün bu həlledici məqamda onu da aydın şəkildə bəyan etmək istəyirəm ki, Avropa məsələləri ilə bağlı qərarlar yalnız qarşılıqlı razılaşma ilə qəbul edilə bilər. Avropa piyada deyil, öz maraqlarını və dəyərlərini güdən suveren oyunçudur. Bütün bu hadisələrin fonunda, Rusiya beynəlxalq hüququ pozan hücumunu dayandırıb qoşunlarını xarici ölkənin ərazisindən çıxarsa, müharibənin sabah bitə biləcəyi faktını unutmamalıyıq. Bu müharibə günü sabahdan bitə bilər” – Merts qeyd edib.