Fridrix Merts – şərtsiz transatlantik dostluq dövrü, böyük ehtimalla, yaxın gələcək üçün başa çatıb
Bu şərtsiz transatlantik dostluq dövrü, böyük ehtimalla, yaxın gələcək üçün başa çatıb, – Almaniya kansleri Fridrix Merts bunu Berlində partiya üzvləri ilə görüşü zamanı bildirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
“Atlantik okeanının o tayında siyasi mövqelərin dəyişdiyini, transatlantik alyansa münasibətin dəyişdiyini görürük. Bu, əvvəllər bizim üçün təsəvvür belə edilə bilməzdi”, – Almaniya kansleri qeyd edib.
“Bloomberg”in yazdığına görə, Merts bu açıqlamanı ABŞ Prezidenti Donald Trampla telefonla danışdığı gün verib.
Almaniya hökumətinin nümayəndələrindən birinin sözlərinə görə, söhbət zamanı tərəflər “Almaniya və Amerika xalqları arasında xüsusi əlaqəni vurğulayıblar”.
Tərəflər həmçinin ABŞ-ın Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq istiqamətində səylərini, eləcə də Hörmüz boğazında və Qırmızı dənizdə davam edən ticarət gərginliyini müzakirə ediblər.