Fridrix Merts – “Remiqrasiya” mənşəyə və dəri rənginə əsaslanan etnik təmizləmənin sinonimindən başqa bir şey deyil

18:11, 09.09.2026

Almaniyanın kansleri Fridrix Merts bildirib ki, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının təqdim etdiyi miqrasiyanın ciddi şəkildə məhdudlaşdırılması planları Almaniya iqtisadiyyatını məhv edəcək.
““Remiqrasiya” mənşəyə və dəri rənginə əsaslanan etnik təmizləmənin sinonimindən başqa bir şey deyil”, – deyə Merts Bundestaqdakı çıxışı zamanı bildirib.

Mertsin sözlərinə görə, “remiqrasiya” nəticəsində Almaniyada bir çox sektor ixtisaslı işçi qüvvəsindən məhrum qalacaq.

“Almaniyada ixtisaslı mütəxəssislər sahəsində çalışan hər altı nəfərdən birinin xarici ölkə pasportu var. Əgər Almaniyada çalışan insanlar sizin “remiqrasiyanı” dəstəklədiyiniz üçün ölkəni yenidən tərk etməyə məcbur olsalar, o zaman Almaniyanın ixtisaslı işçi qüvvəsi sektoru fəaliyyət göstərə bilməyəcək. Belə olan halda heç bir qocalar evi açıq qalmayacaq və Almaniyada heç bir xəstəxana fəaliyyətini davam etdirə bilməyəcək. Heç bir restoran da fəaliyyətini davam etdirə bilməyəcək. Bu, sizin miqrasiya siyasətinizin nəticəsi olacaq”, – deyə Merts bildirib.

Siyasətçinin məlumatına görə, “remiqrasiya” ifrat sağçı dairələrdə istifadə olunan konsepsiyadır və həm qanuni statusu olmayan şəxslərin deportasiyasını, həm də miqrantların və onların nəsillərinin kütləvi şəkildə ölkədən çıxarılmasını nəzərdə tuta bilər.

Oxşar