Fridrix Merts – Ölkəmizin üzləşdiyi tarixi məsuliyyəti doğrultmağa qərar vermişik, söhbət, nə az, nə çox, ölkənin demokratik gələcəyindən gedir

19:01, 21.09.2026

 

Almaniyanın kansleri Fridrix Merts partiyası “Xristian-Demokrat İttifaqı”nın (CDU) regional seçkilərdəki məğlubiyyətindən sonra “Sosial-Demokrat Partiyası”nın (SPD) koalisiyada qalmaq istəyini ifadə etməsinə görə minnətdar olduğunu bildirib. Məlumatı “Guardian” yayır.

“Bu səhər sosial-demokratlardan Berlində koalisiyanın tərkibində qalmaq niyyətində olduqlarını eşitdiyim üçün minnətdaram. Bu, bizə də, mənə də aiddir. Biz ölkəmizin qarşısında duran tarixi çağırışların öhdəsindən gəlməyə birlikdə qərar vermişik. Ölkəmizin üzləşdiyi tarixi məsuliyyəti doğrultmağa qərar vermişik. Söhbət, nə az, nə çox, ölkəmizin demokratik gələcəyindən gedir” – Merts mətbuat konfransında bildirib.

Mertsin sözlərinə əsasən, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bu, CDU-nun yerli parlamentə düşə bilmədiyi ilk haldır. O, nəticəni “xüsusilə dramatik” adlandırıb və bunun “bizim üçün uzunmüddətli fəsadları olacağını” qeyd edib.

Məlumat üçün bildirək ki, Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) 38.2% nəticə ilə birinci yeri tutub. Kansler Fridrix Mertsin “Xristian-Demokrat İttifaqı” (CDU) 4.9% səs toplayıb və 5%-lik səddi keçə bilməyib.

Berlinə gəlincə, “Solçular Partiyası” 25.7% ilə birinci sıradadır. İkinci yerdə 18.8% ilə “Xristian-Demokrat İttifaqı”, üçüncü yerdə isə 16.3% ilə “Almaniya üçün Alternativ” qərarlaşıb.

Oxşar