Fridrix Merts – Hökumətin mümkün qədər tez formalaşdırılması mühümdür

10:17, 24.02.2025

 
Mühafizəkar blokun, “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı”nın (CDU/CSU) lideri Fridrix Merts “exit-poll”un nəticələrinin elan olunmasından sonra çıxış edib.

Merts siyasi opponentlərə hörmətdən danışıb.

“İndi biz birlikdə danışacağıq və hökumətin mümkün qədər tez formalaşdırılması mühümdür. Xarici dünya bizi gözləmir. Dünyada hamı görür ki, Almaniyanın güvənilir və etibarlı hökuməti var. Bu gün bayram edəcəyik və sabahdan etibarən işimizi davam etdirəcəyik” – ehtimal ki, Almaniyanın kansleri olacaq Merts deyib.

Xatırladaq ki, “exit-poll”un nəticələrinə əsasən, Bundestaqın növbədənkənar seçkilərində Fridrix Mertsin mühafizəkar bloku “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı” (CDU/CSU) 29 faizlə liderlik edir. Alis Vaydelin ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 19,5 faizlə ikinci yerdədir, Olaf Şoltsun sol-mərkəzçi “Almaniyanın Sosial Demokrat Partiyası” (SPD) isə 16 faiz səs toplayıb.

Almaniyanın vitse-kansleri Robert Habekin sol-liberal “İttifaq-90/”Yaşıllar” 13,5 faiz səs toplayır. “Solçu Partiya” 8,9 faiz, sol-populist “Sara Vaqenknextin İttifaqı” (BSW) 4,7 faiz, liberal “Azad Demokratik Partiyası” (FDP) isə 4,9 faiz səs toplayır.

Oxşar