Fridrix Merts – Biz insanlarla emosional bağ qura bilmədik. Əhali tərəfindən emosional dəstəyin çatışmazlığı var idi və biz bunu görməzdən gələ bilmərik
“Biz insanlarla emosional bağ qura bilmədik. Əhali tərəfindən emosional dəstəyin çatışmazlığı var idi və biz bunu görməzdən gələ bilmərik”, – bunu Almaniya kansleri Fridrix Merts Xristian-Demokrat İttifaqının İcraiyyə Komitəsinin iclasında bildirib.
Almaniya hökumətinin başçısının sözlərinə görə, seçkilərin nəticələrindən sonra hökumət fəaliyyətini əvvəlki qaydada davam etdirə bilməz.
“Bizim güclü Konstitusiyamız var və Konstitusiyanı sağçı ekstremist federal torpaq hökumətindən qorumaq üçün bütün vasitələrə sahibik. Lakin partiya sistemimizdə tektonik dəyişikliklər baş verir. Bu, partiyamızı kökündən sarsıdır.
Biz sadəcə olaraq əvvəlki fəaliyyətimizə qayıda bilmərik – nə mən, nə də federal hökumət. Yalnız rəhbərlik səviyyəsində mövcud problemlər barədə açıq danışsaq, uğur qazana bilərik”, – Fridrix Merts qeyd edib.
Almaniya kansleri bildirib ki, “Almaniya üçün Alternativ” partiyasının məqsədi Xristian-Demokrat İttifaqını tamamilə məhv etməkdir və bu səbəbdən onunla əməkdaşlıq mümkün deyil.
“Xristian-Demokrat İttifaqı Adenauer və Kolun təməl prinsiplərinə möhkəm bağlıdır”, – Fridrix Merts qeyd edib.