Fridrix Merts Avropanın Amerika Birləşmiş Ştatlarından müstəqilliyinin gücləndirilməsinin zəruriliyindən danışır və NATO-nun gələcəyini şübhə altına alır
Almaniyanın mühafizəkar bloku “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı”nın (CDU/CSU) lideri Fridrix Merts Avropanın Amerika Birləşmiş Ştatlarından müstəqilliyinin gücləndirilməsinin zəruriliyindən danışır və NATO-nun gələcəyini şübhə altına alır. Merts bu haqda bazar günü alman mediasına müsahibəsində deyib.
Merts bildirib ki, Donald Tramp administrasiyası Avropaya qayğı göstərmir və Rusiya ilə yaxınlaşır. O, Avropanın təcili olaraq müdafiəsini gücləndirməli olduğunu bildirib.
“Avropanı mümkün qədər tez gücləndirmək mütləq prioritetim olacaq ki, biz addım-addım ABŞ-dan real müstəqilliyə nail ola bilək” – Almaniyanın gələcək kansleri bildirib.
NATO-nun qatı tərəfdarı olan Merts hesab edir ki, avropalılar ola bilsin alyansı əvəz etmək üçün yeni müdafiə strukturu hazırlamaq məcburiyyətində qalsınlar.
“İyunun sonunda NATO sammitinə doğru necə irəliləyəcəyimizi görmək mənim üçün çox maraqlıdır. Biz hələ də NATO-dan indiki formada danışacağıqmı, yoxsa biz daha sürətlə müstəqil Avropa müdafiə qabiliyyəti yaratmalı olacağıq” – Merts bildirib.
Mertsin qeyd etdiyi kimi, o, ABŞ Konqresi və Ağ Evin Ukraynanı sülh danışıqlarından kənarlaşdırmayacağına müəyyən ümid bəsləyir.
“Amerika hökumətinin növbəti həftələrdə və aylarda bu müharibə ilə bağlı mövqeyinin nə olacağına əmin deyiləm. Son bir neçə gündə mənim təəssüratım belədir ki, Rusiya və Amerika Ukraynanın hesabına, deməli, Avropanın hesabına birləşirlər” – Merts bildirib.
Fevralın 23-də keçirilən seçkilərdə “Xristian Demokrat İttifaqı” və “Xristian Sosial İttifaqı” mühafizəkar bloku səslərin əksəriyyətini qazanıb, Merts isə gözlənildiyi kimi, Almaniyanın yeni kansleri olacaq.
İkinci yerdə Almaniyanın şərq hissəsində mühüm uğur qazanan ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası qərarlaşıb.