Fridrix Merts - Avropa Ukrayna, Rusiya və ABŞ ilə danışıqlar masasına əyləşməyə hazırdır
Kiyev Avropanın sarsılmaz dəstəyinə arxalana bilər – bu haqda Almaniyanın kansleri Fridrix Merts bildirib.
“Avropada sıx koordinasiya heç vaxt bugünkü qədər vacib olmamışdı. Ukraynada davamlı və ədalətli sülhə nail olmaq üçün səylərimizi azaltmayacağıq. Moskvaya təzyiqi artırmağa davam edirik. Kiyev Avropanın sarsılmaz dəstəyinə arxalana bilər. Avropa Ukrayna, Rusiya və Amerika Birləşmiş Ştatları ilə danışıqlar masasına əyləşməyə hazırdır” – Merts bildirib.
Jurnalistin sabiq kansler Anqela Merkelin Rusiya ilə danışıqlar prosesində mümkün iştirakı barədə nə düşündüyü haqda sualına, Merts birbaşa cavab verməkdə təmkinli davranıb və qeyd edib ki, ilk növbədə Rusiya danışıqlara hazır olduğunu göstərməlidir, yalnız bundan sonra vasitəçi təyin etmək mümkün olacaq.
“Hələlik Rusiya bütün sülh təşəbbüslərinə mülki infrastrukturlara zərbələr də daxil olmaqla daha qəddar hücumlarla cavab verib” – Almaniyanın kansleri bildirib.
Bundan əvvəl mediada Almaniyanın sabiq kansleri Anqela Merkelin Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı danışıqlar prosesində Avropa İttifaqının xüsusi nümayəndəsi kimi nəzərdən keçirildiyi barədə məlumat yayılmışdı. Merkelin özü danışıqlarda vasitəçi rolunu oynamaqdan imtina etmiş və belə bir yanaşmanı düzgün hesab etmədiyini qeyd etmişdi. O, bu cür məsələlərin birbaşa dialoq yolu ilə həll olunması gərəkdiyini demişdi.