Fridrix Merts - Almaniya Ukraynada uzaqmənzilli silahın, o cümlədən pilotsuz aparatların istehsalına sərmayə qoymağı planlaşdırır
Almaniya Ukraynada uzaqmənzilli silahın, o cümlədən pilotsuz aparatların istehsalına sərmayə qoymağı planlaşdırır – bu barədə Almaniyanın kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.
Merts bildirib ki, Ukrayna ilə Almaniya arasında Ukraynada silah istehsalına dair yeni layihələrin maliyyələşdirilməsinə başlamaq üçün sənədlər imzalanacaq.
Almaniya hökumətinin rəhbəri bildirib ki, radiusa məhdudiyyət qoyulmayacaq və bu, Ukraynaya öz ərazisindən kənarda yerləşən hərbi hədəflər də daxil olmaqla, özünü tam şəkildə müdafiə etməyə imkan verəcək.
“Bu müharibədə prezident Zelenski ilə çox sıx koordinasiya şəraitində, Prezident Tramp ilə sıx koordinasiya şəraitində Avropa tərəfindən heç vaxt son üç həftə ərzində olduğu qədər diplomatik səylər göstərilməyib. Ümid edirəm ki, Rusiya bunu etiraf edəcək və bizim danışıqlara, atəşkəsə və sülh danışıqlarına bütün səviyyələrdə başlamaq istəyimizə ciddi şəkildə yanaşacaq. Əgər onlar bunu indi etməsələr, dünya ictimaiyyətinə sübut etmiş olacaqlar ki, danışıqlarda ciddi maraqları yoxdur və bu müharibəni hərbi yolla davam etdirmək istəyirlər. Eyni zamanda, artıq 18-ci sanksiya paketinin üzərində iş gedir. Biz bu məsələ ilə bağlı Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparırıq. Siz bilirsiniz ki, ABŞ hökuməti və ABŞ Konqresi Amerika Birləşmiş Ştatları tərəfindən əlavə sanksiyalarla bağlı intensiv dialoq aparırlar. Ukrayna sonrakı addımı atmağa və Rusiya ilə texniki danışıqlar keçirməyə hazırdır – istər Vatikan, istərsə də Cenevrə və ya istənilən başqa yer olsun. Biz, avropalılar, bu danışıqları dəstəkləməyə hazırıq və bilirəm ki, biz bu məsələdə Parisdə, Londonda, Varşavada, Romada, Helsinkidə, Brüsseldə və Avropanın bir çox digər şəhərlərindəki tərəfdaşlarımızla razılaşırıq” – Fridrix Merts qeyd edib.
Almaniyanın kansleri həmçinin qeyd edib ki, ölkə hökuməti “Şimal axını 2” qaz kəmərinin yenidən işə salınmasının mümkünsüz olması üçün hər şeyi edəcək.