Fridrix Merts ABŞ tərəfindən rus neftinin alışına sanksiyaların aprelin 11-nə qədər ləğv edilməsi qərarını səhv adlandırır
Almaniyanın kansleri Fridrix Merts ABŞ tərəfindən rus neftinin alışına sanksiyaların aprelin 11-nə qədər ləğv edilməsi qərarını səhv adlandırır. O, Moskvaya təzyiqin artırılmalı olduğunu bildirib.
“Təəssüf ki, Rusiya yenə də danışıqlara dair istək göstərmir. Buna görə də biz Moskvaya təzyiqi artırmalıyıq. İstəyirəm, aydın olsun: hazırda hansısa səbəbdən sanksiyaların yüngülləşdirilməsi bizim fikrimizcə yanlışdır. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. İranda müharibə bizi qorxutmayacaq və diqqətimizi yayındırmayacaq” – Fridrix Merts bildirib.
Bununla yanaşı, Almaniyanın kansleri Vaşinqtonun sanksiyaları ləğv etmək qərarını hansı amillərdən irəli gələrək qəbul etməsi ilə maraqlandığını bildirib.
“Hazırda problem tədarüklə bağlı deyil, qiymətlərlə bağlıdır. Bu baxımdan mənə maraqlıdır ki, ABŞ hökumətini bu qərarı qəbul etməyə başqa hansı amillər məcbur edib?” – Merts bildirib.
Məlumat üçün bildirək ki, ABŞ rus neftinin alışına tətbiq edilən sanksiyaları aprelin 11-nə qədər ləğv edib. Xəzinə katibi Skot Besentin izah etdiyi kimi, ABŞ ölkələrə artıq gəmilərə yüklənmiş sanksiya tətbiq edilən rus nefti və neft məhsullarını almağa icazə verib.