Fridrix Merts ABŞ-ni Ukraynada müharibənin başa çatdırılması üzrə danışıqlar prosesində avropalı müttəfiqlər üçün gözlənilməz qərarlar qəbul etməməyə çağırıb
Almaniyanın kansleri Fridrix Merts ABŞ-ni Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlar prosesində avropalı müttəfiqlər üçün gözlənilməz qərarlar qəbul etməməyə çağırıb.
“Reuters”in xəbər verdiyi kimi, Merts bu barədə Dublində Avropa İttifaqının qeyri-rəsmi zirvə toplantısında bildirib.
Almaniyanın kansleri, avropalı liderlər arasında sülh danışıqları prosesində Ankoric sammitinə bənzər vəziyyətin təkrarlana biləcəyi ilə bağlı narahatlıq olduğunu bəyan edib. Merts Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşünü nəzərdə tutub.
“Burada, Dublində bəziləri ikinci bir Ankoric məqamı ilə üzləşə biləcəyimizdən ehtiyat edir. Buna görə də Birləşmiş Ştatlara çox aydın mesaj göndərmək istəyirəm: xahiş edirəm, heç bir sürpriz olmasın. Avropa komandası və Ukrayna komandası ilə birlikdə hərəkət etməyə davam edin” – Merts açıqlayıb.
Almaniyanın kanslerinin məlumatına əsasən, cari həftə Əbu-Dabidə amerikalı və rus nümayəndələrinin görüşlərindən sonra yaxın həftələrdə ilk dəfə olaraq avropalı nümayəndələrin də iştirak edəcəyi sülh danışıqlarının başlayacağı gözlənilir.
Merts Rusiyanın danışıqların əsas məsələsi kimi Avropanın təhlükəsizlik arxitekturasının müzakirə edilməsi tələbini rədd edib. O, Avropada artıq NATO timsalında belə bir təhlükəsizlik sisteminin olduğunu bəyan edib.
“Gələcək müzakirələr bir əsas məsələyə fokuslanmalıdır: sülh bərqərar olduqdan sonra Ukraynanın təhlükəsizliyinə hansı çərçivədə zəmanət verilə biləcək? Lakin əvvəlcə sülhün özünə nail olmalıyıq” – Almaniyanın kansleri açıqlayıb.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Ukraynada müharibənin başa çatdırılması məqsədilə danışıqlar qruplarının növbəti görüşünün artıq planlaşdırıldığını açıqlamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, Amerika tərəfi avropalı tərəfdaşların sülh prosesinə cəlb olunmasına nail olub.