Fridrix Merts - Əgər Rusiya vaxtı uzatmağa davam edərsə, Avropa sanksiya təzyiqini gücləndirəcək
Əgər Rusiya vaxtı uzatmağa davam edərsə, Avropa sanksiya təzyiqini gücləndirəcək – bu gün Parisdə keçirilən “İstəklilər Koalisiyası”nın görüşündə iştirak edən Almaniyanın kansleri Fridrix Merts bu haqda sosial şəbəkədə yazır.
“Biz, avropalılar Ukrayna və birgə hərəkətlərimiz ilə əlaqədar intensiv diplomatik səyləri davam etdirəcəyik. Bu barədə bu gün Fransa Prezidenti Emmanuel Makron və mənim tərəfimdən təşkil olunmuş “İstəklilər Koalisiyası”nın videokonfransında da razılığa gəldik. Biz Prezident Zelenskinin iştirakı ilə sammitin təşkili üzərində işləməliyik. Atəşkəs orada razılaşdırılmalıdır. Əgər Rusiya vaxtı uzatmağa davam edərsə, Avropa danışıqlar yolu ilə çıxış yolunun tapılması perspektivini artırmaq üçün sanksiya təzyiqini gücləndirəcək” – Merts yazır.
Almaniyanın lideri bildirib ki, danışıqlarla çıxış yolu əldə olunanda avropalılar Ukrayna üçün güclü təhlükəsizlik təminatlarının təmin edilməsinə əsas töhfə vermək istəyirlər.
“Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə, silahlanmasına və təliminə diqqət yönəldilməlidir. Almaniya bu məsələdə Kiyevin ən mühüm tərəfdaşıdır. Biz prezident Trampı məlumatlandırmışıq və ümid edirik ki, ABŞ dəstəklə təmin etmək, təhlükəsizlik təminatlarının işlənilib hazırlanması və diplomatik prosesin formalaşması səyində mühüm rol oynamağa davam edəcək” – Fridrix Merts yazır.