Fransaya insan alveri ilə bağlı axtarışda olan şəxslərin Gürcüstandan ekstradisiyası həyata keçirildi
Gürcüstandan Fransaya transmilli cinayətkar qrup tərəfindən həyata keçirilmiş insan alveri ilə bağlı axtarışda olan şəxslərin ekstradisiyası həyata keçirildi. Sözügedən şəxslər Gürcüstan və Fransa tərəflərinin effektiv əməkdaşlığı nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Gürcüstan ərazisində saxlanılıb. Bu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.
Məlumata görə, ekstradisiya olunan şəxslər Fransa Respublikasının müvafiq orqanları tərəfindən 2024-cü ildən İnterpolun qırmızı bülleteni ilə axtarılırdılar.
“Fransa tərəfinin apardığı istintaq nəticəsində müəyyən olunub ki, “tantra yoqa” adı altında fəaliyyət göstərən transmilli təşkilatlanmış cinayətkar qrupun tərkibində, insan alveri yolu ilə şəxslərin cinsi istismara məruz qalması məqsədilə, bir bölmənin rəhbərləri azı yeddi şəxsin Fransa Respublikasına aparılmasında və onların cinsi istismarında iştirak ediblər.
Gürcüstan Baş Prokurorluğunun təqdimatları əsasında, bu şəxslərin Fransa Respublikasına ekstradisiyası bütün instansiya məhkəmələrinin qərarı ilə mümkün hesab olunub.
2025-ci il aprelin 16-da Gürcüstanın ədliyyə naziri bu şəxslərin Fransa Respublikasına ekstradisiyası ilə bağlı yekun qərar qəbul edib. Bundan sonra axtarışda olan şəxslər Xüsusi Penitensiar Xidmətin əməkdaşları tərəfindən Fransa Respublikasının müvafiq orqanlarının nümayəndələrinə təhvil verilib.
Gürcüstan Baş Prokurorluğu gələcəkdə də axtarışda olan şəxslərin ədalət qarşısına çıxarılması məqsədilə digər ölkələrin müvafiq orqanları ilə uğurlu əməkdaşlığa hazır olduğunu bildirir,” – deyə prokurorluğun yaydığı məlumatda qeyd olunur.