Fransanın cənubunda meşə yanğınları ilə mübarizə aparılır, bir neçə kəndin sakinləri təxliyə edilib

15:07, 22.07.2026

Fransanın cənubundakı Var departamentində baş verən meşə yanğını səbəbindən 400 nəfərin təxliyə edilməsi tələb olunub. Bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yanğın artıq 2 500 hektar ərazini məhv edib. Sakinlər əsasən Ponteves, Kotinyak, Sillan-la-Kaskad, Korans və Monfor-sür-Arjyan kəndlərindən təxliyə ediliblər.

“Vəziyyət çox mürəkkəb idi. Təxminən 1 100 yanğınsöndürən bütün gecə ərzində alovla mübarizə aparıb”, – deyə Var departamentinin yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanğını hələ də lokallaşdırmaq mümkün olmayıb.

Var prefekturasının məlumatına əsasən, iyulun 22-də 2 300 ailə elektrik enerjisiz qalıb.

Qeyd edək ki, iyunun 21-də Fransada ölkənin cənubunda yanğınların söndürülməsi zamanı iki yanğınsöndürənin həlak olduğu açıqlanıb.

Hazırda Fransanın müxtəlif bölgələrində bir neçə meşə yanğını davam edir. Yanğınların yayılmasına son dərəcə isti və quru hava şəraiti səbəb olur.

Yanğınlardan İspaniya da ciddi zərər görüb. Orada məhv olan ərazilərin sahəsi artıq 2025-ci ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur. Madridin şimalında baş verən və təxminən 30 min hektar ərazini məhv edən yanğının son illərin ən böyük meşə yanğınlarından birinə çevrilə biləcəyi bildirilir.

Oxşar