Fransanın Daxili İşlər Nazirliyinin göstəricilərinə əsasən, bu gün ölkə miqyasında keçirilən aksiyalarda 161 500 nəfər iştirak edib

22:59, 13.10.2026

 

Fransada məktəb şagirdlərinin etiraz aksiyaları üçüncü həftədir davam edir. Fransanın Daxili İşlər Nazirliyinin göstəricilərinə əsasən, bu gün ölkə miqyasında keçirilən aksiyalarda 161 500 nəfər iştirak edib.

Ölkənin müxtəlif şəhərlərinin küçələrinə şagirdlər, tələbələr və həmkarlar ittifaqlarının nümayəndələri toplaşıblar. Aksiya iştirakçıları təhsil sistemindəki problemlərə və polisin hərəkətlərinə etiraz edirlər.

Medianın yazdığı kimi, bu gün Fransa universitetlərinin təxminən 90%-nin fəaliyyəti ləngiyib. Paris, Marsel və digər şəhərlərdə şagirdlər məktəblərin girişlərini yenidən bağlayıblar.

Paris və Nantda keçirilən nümayişdə polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Fransa Prezidenti Emmanuel Makron aksiya iştirakçılarını təmkinli olmağa çağırıb. O, qaldırılan məsələlərin zaman, məsləhətləşmələr, müzakirə və qarşılıqlı hörmət tələb etdiyini bildirib.

Bununla yanaşı, hökumətin göstəricilərinə əsasən, etiraz aksiyaları başlayandan bəri 6 800-dən çox şəxs saxlanılıb, onların da əksəriyyəti yetkinlik yaşına çatmayandır. Ədliyyə Nazirliyinin məlumatına əsasən, təxminən 1 500 nəfərə qarşı hüquqi təqib həyata keçirilir, nümayişçilərə qarşı polis tərəfindən güc tətbiqində həddi aşma üzrə isə 24 fakt araşdırılır. Aksiyalar zamanı 200-dən çox yeniyetmə, 100 məktəb əməkdaşı və 700 polis xəsarət alıb.

Fransada yeni miqyaslı etiraz aksiyaları şənbə gününə planlaşdırılır. Nümayişlərə yanacağın və enerjinin bahalaşmasından, eləcə də artan yaşayış xərclərindən narazı olan vətəndaşların da qoşulacaqları gözlənilir.

Oxşar