Fransanın daxili işlər naziri oktyabrın 31-də miqyaslı iğtişaşlar riskinin yüksək olduğunu bildirir, Parisdə bir neçə nümayiş qadağan edilib
Fransanın daxili işlər naziri Loran Nunies oktyabrın 31-də zorakı iğtişaşların xüsusilə yüksək riski olduğunu bildirir. Bu barədə “BFMTV” xəbər verir. Nəşrin məlumatına əsasən, daxili işlər naziri ölkənin prefektlərinə xüsusi bildirişlər göndərib və təhlükəsizlik tədbirlərini sərtləşdirməyə çağırıb.
Medianın əldə etdiyi sənəddə qeyd olunub ki, sosial şəbəkələrdə oktyabrın 31-də Fransa şəhərlərinin mərkəzi meydanlarında kütləvi toplaşmaların keçirilməsi ilə bağlı çağırışlar yayılır.
“Sosial şəbəkələrdə şəhərlərin mərkəzi hissələrində və bütün ictimai meydanlarda “Hallowen” bəhanəsi ilə toplaşmağa dair çoxlu çağırışlar aşkarlanıb. Bu çağırışları müşayiət edən qrafik materialların təhlili şübhəyə yer qoymur ki, onların müəllifləri yeni zorakılıq aktları törətməyi planlaşdırırlar. Müvafiq olaraq, axşamın erkən saatlarından gecə gec saatlaradək şəhərlərdə zorakı iğtişaşlar riski çox yüksəkdir” – nazirin bildirişində deyilir.
Loran Nunies vətəndaşları axşam saat 20:00-dan etibarən bütün ictimai meydanlara toplaşmağa çağıran sosial şəbəkələrdə yayılan çağırışlara görə prefektləri xüsusilə diqqətli olmağa çağırıb.
Nazirin qiymətləndirməsinə əsasən, oxşar toplaşmalar nəzarətdən çıxan yürüşlərə çevrilə bilər. Bu fonda Paris Polisinin Prefekturası paytaxtda bir neçə nümayişi qismən qadağan etmək qərarı alıb.
Məhdudiyyətlər oktyabrın 29-da Tələbələrin Milli Koordinasiya Hərəkatı tərəfindən planlaşdırılan aksiyaya, eləcə də təşkilatçıları “sarı jiletlilər” və müstəqil həmkarlar ittifaqlarının nümayəndələri olan oktyabrın 30-dakı iki nümayişə şamil olunacaq. Bundan başqa, Paris Polisinin Prefekturası ultra-sağçı “Objectif remigration” birliyinin oktyabrın 31-də planlaşdırdığı konfransı və noyabrın 1-nə təyin edilmiş nümayişi qadağan edib.