Fransada şagirdlərin etiraz aksiyaları zamanı polisin səs və işıq effektli qumbaralardan istifadə etməsi qadağan edilib. Bu qərar qumbaranın partlaması nəticəsində bir şagirdin əlini itirməsindən sonra qəbul olunub
Fransada məktəb şagirdlərinin etiraz aksiyaları zamanı səs və işıq effektli qumbaralardan istifadə qadağan edilib. Bu barədə Fransanın daxili işlər naziri Loran Nunes bildirib.
Onun sözlərinə görə, bu tip qumbaraların istifadəsinə Lans şəhərində keçirilən aksiya zamanı bir şagirdin polis qumbarasının partlaması nəticəsində əlini itirməsindən sonra qadağa qoyulub.
“Artıq dünən tələb etmişdim ki, məktəb şagirdlərinin etiraz aksiyaları zamanı bu qumbara növündən istifadə edilməsin”, – deyə Fransanın daxili işlər naziri bildirib.
Nazirin bəhs etdiyi insident oktyabrın 5-də baş verib. Şagirdlərdən biri polis tərəfindən istifadə olunan qumbara ilə təmasdan sonra əlindən ağır xəsarət alıb. Hadisə yerinə Pa-de-Kale departamentinin prefekti Fransua-Ksavyer Loşi və Bethun şəhərinin prokuroru Etyen Tifri gəliblər. Onlar şagirdin əlini itirdiyini təsdiqləyiblər. Bildirilib ki, gənc xəstəxanaya yerləşdirilib və həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, Fransanın Baş naziri Sebastyan Lekornunun qərarı ilə bu gündən cümə gününədək ölkə üzrə məktəblərdə tədris prosesi dayandırılıb. Buna səbəb məktəb şagirdləri ilə kommunikasiya aparılmasıdır.
Məlumata görə, etiraz aksiyalarının başlamasından bəri 190 şagird xəsarət alıb. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, oktyabrın 6-da məktəb şagirdlərinin etiraz aksiyaları zamanı ölkə üzrə 488 nəfər saxlanılıb.