Fransada gənclər üçün yeni könüllü hərbi xidmət 2026-cı ilin ikinci yarısında başlayacaq
Fransada gənclər üçün yeni könüllü hərbi xidmət 2026-cı ilin ikinci yarısında başlayacaq

Fransada gənclər üçün yeni könüllü hərbi xidmət 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlayacaq – bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Prezidentin sözlərinə görə, bu, ölkəyə dünya arenasında artan təhlükələrə reaksiyanı gücləndirməyə kömək edəcək.

“Fransa hərəkətsiz qala bilməz”, – Makron Fransız hərbçiləri ilə görüşündə qeyd edib.

Makronun açıqlamasına görə, yeni plan Avropalı tərəfdaşların təcrübəsindən ilhamlanıb. Onun sözlərinə görə, könüllü proqram 18 və 19 yaşlı gənclər üçün açıq olacaq və onlar bunun üçün əməkhaqqı alacaqlar. Könüllü hərbi xidmət on ay davam edəcək. Mövcud məlumata əsasən, təşəbbüs dövləti iki milyard avroya başa gələcək.

Plana əsasən, 2026-cı ildə hərbi xidmətə 3 min nəfər cəlb olunacaq. Onlar xidməti yalnız Fransanın ərazisində keçəcəklər. 2030-cu ilə qədər bu rəqəm 10 minə çatdırılacaq.

“Ambisiyam odur ki, dəyişən təhlükələrə uyğun olaraq, 2035-ci ilə qədər 50 000 gəncə çataq”, – Makron bildirib.

Prezidentin sözlərinə görə, xidməti bitirdikdən sonra iştirakçılar mülki həyatlarına davam edə, ehtiyat qoşunlarına qoşula və ya Silahlı Qüvvələrdə xidmətlərini davam etdirə bilərlər.

Emmanuel Makron keçmiş prezident Jak Şirak tərəfindən 1996-cı ildə məcburi hərbi xidmətin ləğv edilməsini doğru qərar adlandırıb.

“Biz çağırış xidmətinə qayıda bilmərik. Hibrid ordu modeli qarşımızdakı təhlükə və risklərə cavab verir”, – Makron qeyd edib.