Fransada çaylarda və kanallarda 40 nəfər boğulub, ölkənin baş naziri bunu son günlərin rekord istiləri ilə əlaqələndirir

19:30, 23.06.2026

 

Fransanın Baş naziri Sebastian Lekornu, ölkədə ötən həftənin cümə axşamı günündən bəri çaylarda və kanallarda 40 nəfərin boğulduğunu bildirib.

Onun sözlərinə əsasən, Fransada rekord səviyyədə istilər müşahidə olunur, bu səbəbdən vətəndaşlar sərinləmək məqsədilə çaylara və kanallara üz tuturlar, bu da tez-tez bədbəxt hadisə ilə nəticələnir.

Bununla yanaşı, medianın məlumatına əsasən, yüksək temperatur Fransada daha iki azyaşlının ölümünə səbəb olub. Məlum olduğu kimi, iki və dörd yaşlı uşaqlar güclü istilər zamanı bir neçə saat avtomobildə olublar.

“BBC”nin məlumatına əsasən, cari ilin iyun ayı Fransa tarixində ən isti ay olub. Meteorologiya agentliyi “Meteo France”ın məlumatına əsasən, növbəti günlər ərzində Fransanın əksər hissəsində havanın temperaturu 40 dərəcəni ötüb keçəcək. Güclü istilər səbəbindən ölkə miqyasında, 2 700 məktəb müvəqqəti bağlanıb və ya təhsil müəssisələrində dərs qrafiki dəyişdirilib.

Fransadan başqa, Qərbi Avropanın digər ölkələrində də yüksək temperaturlarla mübarizə aparırlar. “Reuters” yazır ki, Avropada temperaturun yüksəlməsinə Sahara səhrasının şimalından hərəkət edən isti hava kütlələri səbəb olur.

Oxşar