Fransa Parlamenti 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan olunmasını nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarır

18:30, 21.07.2026

 

Fransa Parlamenti 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan olunmasını nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarır.

Məlumatı “Reuters” yayır.

Senatorların və deputatların iyulun 20-də komitə müzakirəsi mərhələsində dəstəklədikləri qanun layihəsi sosial şəbəkə platformalarını Fransanın fərdi məlumatların mühafizəsi tənzimləyicisi tərəfindən təsdiqlənmiş yaşın yoxlanılması sistemini tətbiq etməyə məcbur edir.

Qanun qəbul ediləcəyi təqdirdə Fransa Avstraliyanın nümunəsini izləyəcək. Belə ki, dekabrda Avstraliyada 16 yaşınadək şəxslər üçün “Facebook”, “Snapchat”, “TikTok” və “YouTube”un istifadəsini məhdudlaşdıran dünyada ilk qanun qüvvəyə minib.

Fransa Prezidenti Emmanuel Makron qanunun növbəti tədris ili başlayanadək qüvvəyə minməsini istəyir. Makron aprel ayında gəncləri “daha yaxşı vətəndaş olmaq üçün” telefonlara daha az vaxt ayırmağa və daha çox mütaliə etməyə çağırmışdı.

Parlamentdə qanun layihəsinin səsverməsi günün ikinci yarısına planlaşdırılıb. Qanun qəbul olunarsa, sentyabrın 1-dən etibarən 15 yaşınadək uşaqlar sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. Platformaların mövcud hesabları bağlamaq üçün əlavə dörd ay vaxtı olacaq.

Qeyd edək ki, valideynlərin uşaqlar üçün mümkün risklərlə bağlı narahatlığı artdıqca, Avropanın və dünyanın bir çox ölkəsi hazırda sosial şəbəkələrin məhdudlaşdırılması yollarını nəzərdən keçirir.

Eyni zamanda, Avropa Komissiyası gəncləri daha yaxşı qorumaq üçün sosial şəbəkələrin biznes modellərinin tənzimlənməsi üzərində işləyir. Fransanın qanun layihəsinin Avropa İttifaqının qüvvədə olan qanunvericiliyinə uyğun olub-olmadığını məhz Avropa Komissiyası qiymətləndirməlidir.

Oxşar