Fransa xarici işlər naziri – Avropa Putinin müharibəni davam etdirməyə imkan verən resursları tükəndirəcək ən sərt sanksiyalara hazırlaşır
Fransa xarici işlər naziri – Avropa Putinin müharibəni davam etdirməyə imkan verən resursları tükəndirəcək ən sərt sanksiyalara hazırlaşır

Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, Avropa İttifaqı Fransanın təşəbbüsü və amerikalı senatorlarla koordinasiya çərçivəsində Rusiyaya qarşı yeni, indiyə qədərki ən sərt sanksiyalar paketini hazırlayır.

Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın 30 günlük atəşkəs təşəbbürünü irəli sürdükdən sonra, Ukrayna şəhərlərinə rus hücumlarının sayı beş dəfə artıb.

“Bu, davam edə bilməz və dərhal dayandırılmalıdır. Bunun üçün Avropa amerikalı senatorlarla koordinasiyada, Fransanın təkliflərinə əsasən, son üç ildə qəbul etdiyimiz ən sərt sanksiyalara hazırlaşır. Bu sanksiyalar birbaşa olaraq Vladimir Putinə müharibəni davam etdirmək imkanı verən resursları tükəndirəcək,” – deyə Jan-Noel Barro bildirib.

Barronun sözlərinə görə, yeni sanksiyalar paketi yalnız energetika sektorunu deyil, həm də maliyyə sektorunu əhatə edəcək. Söhbət həm hüquqi, həm də fiziki şəxslərdən gedir ki, onlar Rusiyaya tətbiq olunan mövcud sanksiyalardan yayınmaqda yardım göstərirlər.