Fransa hakimiyyəti Kremlin təbliğatını yaymaqda günahlandırdıqları rus jurnalist Kseniya Fyodorovaya ölkəni tərk etməyi əmr edib
Fransa hakimiyyəti Kremlin təbliğatını yaymaqda günahlandırdıqları rus jurnalist Kseniya Fyodorovaya ölkəni tərk etməyi əmr edib. Fransanın Daxili İşlər Nazirliyindən bəyan ediblər ki, Fyodorova Fransa televiziyasında və radiosunda Kremlin təbliğatını yayıb.
Rus jurnalistin vəkili Fransanın Daxili İşlər Nazirliyinin qərarından “dərhal şikayət edəcəklərini” bəyan edib.
“Kseniya Fyodorova jurnalistdir. Bu qərar jurnalistin ifadə azadlığının ciddi şəkildə pozulması deməkdir. O, öz işini ən münasib şəkildə yerinə yetirirdi” – vəkil bildirib.
Dezinformasiya məsələləri üzrə çalışan ekspertlər xüsusilə Fransanın gələn il keçiriləcək prezident seçkilərinə hazırlaşdığı bir vaxtda Fyodorovanın təsirinin narahatlıq doğurduğunu bildirirlər.
Fransa nəşri yazır ki, ölkədən çıxarılma əmrində Fyodorova “Rusiya hakimiyyəti tərəfindən təşkil edilən dezinformasiya kampaniyalarının icraçısı” olmaqda və fəaliyyətinin Fransada “ictimai asayişi pozmaq” məqsədinə xidmət etməkdə ittiham olunur.
Məlumat üçün bildirək ki, Kseniya Fyodorova 2023-cü ilə qədər “Russia Today France”da çalışıb. Kanal Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra yayımını dayandırıb. Lakin Fyodorova Fransada fəaliyyətini davam etdirib. O, tez-tez “CNews” telekanalında, “Europe 1” radiosunda görünür və “Le Journal du Dimanche” qəzetində məqalələr dərc edirdi.