Fransa genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparmaq üçün Avropa İttifaqından yardım istəyib

13:19, 24.07.2026

Fransa genişmiqyaslı yanğınlarla mübarizə aparmaq üçün Avropa İttifaqına yardım üçün müraciət edib. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, artıq məlumdur ki, Fransaya Xorvatiya, Portuqaliya, Çexiya və Slovakiya yardım göstərəcək. Makron bu ölkələrə təşəkkür edib.

“Ölkədə, xüsusilə Jironda bölgəsində davam edən güclü yanğınlar fonunda vəziyyət hələ də çox gərgindir. Fikirlərim yanğınların ön xəttində mübarizə aparan yanğınsöndürənlərimiz və xilasedicilərimizlədir. Onların cəsarəti hörmətə layiqdir.

Fransa Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salınmasını tələb edib. Tezliklə iki Xorvatiya Canadair təyyarəsinə, iki Portuqaliya Air Tractor təyyarəsinə, həmçinin Çexiya və Slovakiyadan iki ağır Black Hawk helikopterinə ümid edə biləcəyik.

Bu konkret, sürətli və operativ həmrəylik bu sınaq qarşısında çox dəyərli dəstəkdir. Avropalı tərəfdaşlarımıza həmrəyliyə görə təşəkkür edirəm”, – deyə Emmanuel Makron yazıb.

Qeyd edək ki, Fransada bir neçə gündür meşə yanğınları ilə mübarizə aparılır. Təbii fəlakət səbəbindən 30 mindən çox insan təxliyə edilib.

Oxşar