Frank-Valter Ştaynmayer – Hər birimiz Berlindəki hücumdan sarsılmışıq, bu, açıq cəmiyyətimizə, həyat tərzimizə və birgəyaşayış imkanımıza qarşı edilən hücumdur
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində baş verən hücuma münasibət bildirib.
“Hər birimiz Berlində, “Christopher Street Day” tədbirində baş verən hücumdan şokdayıq və sarsılmışıq. Dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insan tolerantlıq və rəngarənglik mesajı göndərmək, bərabərliyə əsaslanan azad həyatı dəstəkləmək üçün dinc şəkildə və sevinclə bir araya gəlmişdi. Bu əməl açıq cəmiyyətimizə, həyat tərzimizə və birgəyaşayış imkanımıza qarşı edilən hücumdur. Bu gün mənim və düşünürəm ki, hər birimizin düşüncələri bu hücumun qurbanı olan qadının ailə üzvləri və dostları ilə, həmçinin bəzilərinin vəziyyəti ağır olan yaralılarladır. Onlara tam sağalmağı arzulayırıq” — Frank-Valter Ştaynmayer bildirib.
Məlumat üçün bildirək ki, Berlində Avropanın ən böyük “Pride” tədbirlərindən birində avtomobilin kütlənin üstünə sürülməsi nəticəsində bir nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Hadisə şəhərin mərkəzi hissəsində, Tierqarten parkının yaxınlığında baş verib. Berlin polisi 21 yaşlı şübhəli şəxsi axtarır, onun kimliyi də məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərə onun silahlı ola biləcəyi barədə xəbərdarlıq edirlər.