Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi ISO beynəlxalq sertifikatını aldı
Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinə ISO 9001:2015 Keyfiyyət İdarəetmə Beynəlxalq Sertifikatı verilib. Məlumatı Səhiyyə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Təxirəsalınmaz Yardım Mərkəzi sertifikatı “TÜV Austria” beynəlxalq Avstriya şirkəti tərəfindən aparılan audit nəticəsində alıb.
“Sertifikatın verilməsi mərkəzdə keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara tam uyğun olduğunu və keyfiyyətin təkmilləşdirilməsinin davamlı proses olduğunu təsdiqləyir.
Səhiyyə naziri Mixeil Sarcveladze mərkəzin əməkdaşlarını bu uğur münasibətilə təbrik edib və qeyd edib ki, ISO 9001:2015 sertifikatı sadəcə rəsmi sənəd deyil, mərkəzin fəaliyyətinin beynəlxalq standartlara tam uyğun olduğunu göstərir.
“TÜV Austria” beynəlxalq şirkətinin nümayəndəsinin bəyanatına əsasən, ISO 9001:2015 sertifikatı o deməkdir ki, mərkəz bütün tələbləri yerinə yetirir və pasiyentlərə fasiləsiz şəkildə keyfiyyətli və təhlükəsiz tibbi xidmət göstərir, nəticədə isə məmnunluq səviyyəsi daim artır.
Tədbir, həmçinin, avqustun 20-də qeyd olunan Beynəlxalq Təxirəsalınmaz Tibbi Yardım Nəqliyyatı Gününə təsadüf etdi. Mixeil Sarcveladze qeyd edib ki, mərkəzin çox sayda fədakar və seçilən əməkdaşı var, onların gündəlik əməyi pasiyentlərin həyatını xilas etməyə xidmət edir. Nazir pasiyentlərin təhlükəsiz və vaxtında daşınmasını təmin edən mərkəzin sürücülərinə və tibbi personala təşəkkürünü bildirib” – Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.