“Fox News”: ABŞ ərazisindəki hərbi bazaların mümkün müharibəyə hazırlanması prosesi gedir. Məqsəd xarici dəstək olmadan hərbi bazaların 90 gün ərzində tam fəaliyyət göstərə bilməsini təmin etməkdir
Pentaqonun yeni FORTRESS təşəbbüsü çərçivəsində ABŞ ərazisində yerləşən hərbi bazalar mümkün dünya müharibəsinə hazırlanır. Məqsəd kritik infrastrukturun təhlükə altına düşməsi, təchizat zəncirlərinin və enerji şəbəkəsinin sıradan çıxması halında belə, hərbi bazaların xarici dəstək və təchizat olmadan 90 gün ərzində tam fəaliyyət göstərə bilməsini təmin etməkdir. Bu barədə “Fox News” məlumat yayıb.
Medianın məlumatına görə, təşəbbüs mobil nüvə reaktorlarından, mikroşəbəkələrdən və böyük tutumlu batareyalardan istifadəni, həmçinin döyüş sursatı və yanacağın strateji ehtiyatlarının yaradılmasını nəzərdə tutur.
“Fox News” yazır ki, bu tədbirlərin məqsədi mülki infrastrukturun zədələnəcəyi təqdirdə belə, ABŞ ordusunun hərbi əməliyyatları davam etdirmək imkanlarını təmin etməkdir.
Pentaqon böhran vəziyyətində mülki fabriklərin müdafiə sənayesi məhsullarının istehsalına keçməsi üçün də şərait yaradır. Həmçinin silahların, yanacağın və digər zəruri materialların fasiləsiz tədarükünü təmin etmək məqsədilə alternativ təchizat zəncirləri formalaşdırılır və strateji ehtiyatlar yaradılır. Proqram ABŞ-ın kontinental ərazisindəki bütün iri hərbi obyektləri əhatə edir.
Pentaqonun nümayəndəsi Şon Parnelin sözlərinə görə, hərbi tapşırıqların yerinə yetirilməsi üçün müstəqil, qorunan və ehtiyat enerji təchizatı sisteminin olması zəruridir.
“Gələcək münaqişənin, ehtimal ki, bir neçə cəbhədə aparılması gözlənilir. İstənilən böyük müharibənin əsasını təşkil edən geosiyasi vəziyyətə nəzər salın. Belə bir hadisə baş verdikdə, qlobal təchizat zəncirləri qırılacaq”, – deyə Parnel bildirib.
Medianın məlumatına görə, proqram çərçivəsində müntəzəm sənaye dayanıqlığı sınaqları və səfərbərlik təlimləri də nəzərdə tutulur. Bundan əlavə, GPS siqnallarının bloklanması ehtimalına qarşı hərbi rabitə, naviqasiya və peyk sistemlərinin mühafizəsi gücləndirilir.