Fiziki şəxslər üçün yenidən maliyyələşdirmə halında kreditin vaxtından əvvəl ödənilməsi üzrə komissiya haqqının maksimal miqdarı 2%-dən 0,5%-ə qədər azaldılır
Rəqabət mühitinin gücləndirilməsi və istehlakçıların hüquqlarının müdafiəsi standartının yüksəldilməsi məqsədilə “Maliyyə təşkilatları tərəfindən xidmətlərin göstərilməsi zamanı istehlakçıların hüquqlarının müdafiəsi Qaydaları”na dəyişikliklər edilir. Maliyyə təşkilatları bu ilin mayın 1-dən onlara əməl etməli olacaqlar.
Dəyişikliklərə əsasən, fiziki şəxslər və ümumi öhdəlikləri iki milyon lariyə qədər olan hüquqi şəxslər üçün borcun/kreditin başqa maliyyə təşkilatından tam və ya qismən yenidən maliyyələşdirilməsi halında kreditin vaxtından əvvəl ödənilməsi üzrə komissiya haqqının maksimal miqdarı indiki 2 faiz əvəzinə 0,5 faizə qədər azaldılır.
Dəyişikliklər nəticəsində öhdəliyin bir maliyyə təşkilatından digərinə keçirilməsi xərci azalacaq, bu da maliyyə təşkilatları arasında rəqabəti gücləndirməyə və istehlakçılara daha əlverişli şərtlər təklif etməyə imkan yaradacaq.
Təqdim olunan dəyişikliklərlə ilk dəfə olaraq sənədli əməliyyatlar (akkreditiv, sənədli inkasso, bank təminatı, akseptlər və s.) üzrə kreditin vaxtından əvvəl ödənilməsi üzrə komissiya haqqının yuxarı həddinin 2% miqdarında müəyyən edilməsi vacibdir. Bu günə qədər sənədli əməliyyatlarla bağlı bu məsələ tənzimlənmədiyindən və praktikada daha yüksək komissiya haqqının tətbiq edilməsi halları müşahidə olunduğundan Milli Bank istehlakçıların hüquqlarının müdafiəsi qaydalarına müvafiq dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edib.
Xatırladaq ki, maliyyə sektorunun istehlakçılarının və investorlarının hüquqlarının müdafiəsi, eləcə də maliyyə sektorunda rəqabətin təşviqi Gürcüstan Milli Bankının mühüm vəzifələridir. Yuxarıda qeyd olunan dəyişikliklər istehlakçıların hüquqlarının müdafiəsi baxımından töhfə verən amillərdən biri olan rəqabət mühitini gücləndirəcək.
Milli Bank rəqabəti təşviq etmək və istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək üçün müvafiq mexanizmlərin gücləndirilməsi istiqamətində gələcəkdə də işləməyə davam edəcək.