Finlandiyanın xarici işlər naziri – Qərb ölkələri, o cümlədən ABŞ Ukraynada vəziyyət pisləşərsə, qoşun göndərmək ideyasını tamamilə istisna etməməlidir
Qərb ölkələri, o cümlədən ABŞ Ukraynada vəziyyət pisləşərsə, qoşun göndərmək fikrini tamamilə istisna etməməlidir. “Politico”nun yazdığı üzrə, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen bəyan edib.
“Uzunmüddətli perspektivdə hər şeyi istisna etməməyimiz vacibdir, çünki vəziyyətin nə qədər ciddi olacağını heç vaxt bilmirik. Hərçənd, Finlandiyanın mövqeyi aydındır, biz indi heç bir qüvvə göndərmirik və bunu müzakirə etmək istəmirik”, – Elina Valtonen bildirib.
Finlandiya diplomatı bu şərhi Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qüvvələrin göndərilməsi ehtimalını istisna etməməsindən sonra verib.
Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinista fevral ayında Avropa liderləri ilə görüşündə Ukraynaya hərbçilərin göndərilməyəcəyi ilə bağlı geniş fikir formalaşdığını bildirmişdi. Onun sözlərinə görə, Finlandiyanın mövqeyi də belə idi.