Finlandiya məhkəməsi Baltik dənizində sualtı kabellərə zərər vurulması ilə bağlı iddiaya baxmaqdan imtina edib
Finlandiya məhkəməsi Baltik dənizində sualtı kabellərə zərər vurulması ilə bağlı iddiaya baxmaqdan imtina edib.
İş “Eagle S” neftdaşıyan tankerin kapitanına və onun iki köməkçisinə qarşı irəli sürülən ittihamla bağlıdır. Onlar Baltik dənizinin dibi ilə keçən kabelə qəsdən zərər vurmaqda ittiham olunurdular.
Helsinki məhkəməsində bəyan ediblər ki, Finlandiya qanunvericiliyinə əsasən bu halda cinayət hüququnun tətbiqi mümkün deyil. Qərarın izahında yazılıb ki, Finlandiya körfəzində kabellərə zərər vurulmasına görə cinayət yurisdiksiyası gəminin hansı dövlətin bayrağı altında üzürsə o dövlətə, ya da təqsirləndirilən şəxslərin vətəndaşı olduqları ölkələrin məhkəmələrinə aiddir.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən dənizçilərin 195 min avro təşkil edən məhkəmə xərclərini Finlandiya dövləti ödəməlidir.
Prokuror “Eagle S”in kapitanı, Gürcüstan vətəndaşı Davit Vadackoria və onun iki köməkçisinə 2,5 il həbs cəzası istəyib. İttiham tərəfi iddia edirdi ki, 2024-cü ildə neftdaşıyan gəmi qəsdən, lövbər vasitəsilə dəniz dibindən keçən və Finlandiya ilə Estoniyanı birləşdirən elektrik kabelinə, eləcə də dörd internet kabelinə zərər vurub. Qeyd etmək lazımdır ki, 2025-ci ilin martında “Eagle S” tankeri onun saxlanılması üçün zəruri yetərli əsasların olmamasına görə, Finlandiyanın ərazi sularını tərk etmişdi.