“Financial Times” – Yunan şirkətləri son üç ildə rus neftinin nəqlindən ən azı 3,8 milyard dollar gəlir əldə ediblər

16:33, 07.07.2026

 

Yunan gəmiçilik şirkətləri son üç il ərzində rus neftinin nəqlindən ən azı 3,8 milyard dollar gəlir əldə ediblər. Bu barədə məlumatı “Financial Times” yayır.

Nəşrin məlumatına əsasən, ən çox qazancı yunan milyarder Corc Prokopiyunun “Dynacom Tankers” şirkəti əldə edib – 2023-cü ilin iyulundan bəri 915 milyon dollardan çox. Onassis qrupuna məxsus “Olympic Shipping and Management” şirkəti 404 milyon dollar, “Stealth Maritime” və “Polembros Shipping” şirkətləri isə 200 milyon dollardan çox gəlir götürüb.

“Financial Times”ın yazdığı kimi, yunan gəmi sahiblərinin rus neftinin daşınmasında oynadığı rol Afina ilə Kiyev arasında gərginliyə səbəb olub. Ukrayna 2023-cü ildə bir neçə yunan şirkətini “müharibənin beynəlxalq sponsoru” elan edib, lakin sonradan Yunanıstan hökumətinin təzyiqi nəticəsində onları siyahıdan çıxarıb.

Ticarət, “Böyük Yeddilik” tərəfindən müəyyən edilmiş qiymət limiti (hazırda bir barrel üçün 44.10 dollar) daxilində qaldığı müddətcə rəsmi olaraq icazəli sayılır, hərçənd keçmiş yüksək rütbəli rəsmilər və hüquqşünaslar bu limitə nəzarət mexanizminin zəif olduğunu qeyd edirlər.

ABŞ-nin Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin dəniz operatorlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra, bəzi yunan şirkətləri, o cümlədən “TMS Tankers” və “Thenamaris” 2023-cü ilin sonlarında ticarəti azaldıblar.

Şirkətlər bütün əməliyyatlarının hüquqi və sanksiya çərçivəsinə tam uyğun olduğunu bəyan ediblər.

Ukraynanın “Razom We Stand” təşkilatının rəhbəri Svetlana Romanko isə bildirib ki, Yunanıstan hökuməti öz gəmiqayırma sənayesinin maraqlarını sanksiyalardan və sülhdən üstün tutur.

Oxşar